Nardaranda həbs edilənlərə qarşı çoxsaylı ittihamlar irəli sürülüb

Nardaranda etiraz

Noyabrın 26-da Nardaranda keçirilən xüsusi əməliyyat zamanı saxlanılan 14 dindara qarşı ağır cinayətlərin törədilməsi ilə bağlı ittihamlar irəli sürülüb. Onların barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Turan ağentliyinin məlumatına görə, istintaq həbs olunanlara qarşı Cinayət Məcəlləsinin aşağıdakı maddələrilə ittihamlar irəli sürüb: 120 (qəsdən qətl törətmək), 214 (terrorizm), 220 ( kütləvi iğtişaşlar), 228 (qanunsuz silah və hərbi sursat saxlamaq), 233 (ictimai asayişin pozulmasına yönələn hərəkətlərin təşkili), 279 (qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələrin və qrupların yaradılması), 281 (dövlət əleyhinə açıq çağırışlar etmək), 283 (dini düşmənçiliyin salınması), 315 (hakimiyyət nümayəndəsinə qarşı zorakılıq tətbiq etməklə müqavimət göstərmək), 278 (hakimiyyətin zorla ələ keçirilməsinə cəhd).

Sonuncu maddə ömürlük həbs cəzasını nəzərdə tutur.

Noyabrın 26-da Daxili İşlər Nazirliyinin əməkdaşlarının Nardaranda keçirdiyi xüsusi əməliyyat zamanı 14 nəfər saxlanılıb. Onların arasında “Müsəlman Birliyi” Hərəkatının rəhbəri Taleh Bağırzadə də var.