Nardaran pirinin axundu tutulub

Nuhbala Rəhimov

Nardaranda axund hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıb. Bu barədə Trend agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, Nardarandakı Rəhimə xanım Ziyarətgahının axundu Hacı Nuhbala Rəhimov polis tərəfindən saxlanılıb. Bildirilir ki, N.Rəhimov ziyarətgahda saxlanılaraq Sabunçu rayon Polis İdarəsinə aparılıb və Sabunçu rayon Məhkəməsinin qərarı ilə 12 sutkalıq həbs edilib.

Sakinlər agentliyə bildiriblər ki, axund da Nardaran hadisələrinə görə saxlanılıb.

Noyabrın 26-da hüquq-mühafizə orqanları Bakının Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirib. Əməliyyat zamanı ikisi polis əməkdaşı olmaqla 7 nəfər ölüb.

Baş verən insidentlə bağlı Cinayət Məcəlləsinin çoxsaylı maddələri ilə cinayət işi başlanıb. İnidyədək 30-dan çox insan həbs edilib.