Namizəd Barak Obama [Video]

Your browser doesn’t support HTML5

Sentyabrın 4-dən başlayaraq Demokrat Partiyası prezident Barak Obamanı ikinci dönəmə nominasiya etmək üçün qurultay keçirir. Karolin Presuttinin hazırladığı reportajda 2008-ci ildə tarixə imza atmış şəxsin siyasi portretinə baxılır.

Dörd il bundan öncə Barak Obama ABŞ-ın 44-cü prezidenti seçildi.

Ölkənin ağır iqtisadi böhranla üzləşdiyi bir vaxtda Demokrat Partiyası intensiv keçən qurultayda onun namizədliyini irəli sürdü.

Cənab Obama “İnana biləcəyimiz dəyişiklik” şüarı altında seçicilərin dəstəyini qazana bildi.

Prezident Obama artıq dörd ildir ki, Ağ Evdədir. İqtisadiyyat yaxşılaşıb, amma çoxlarının güman etdiyi dərəcədə yox. Bəzi siyasi ekspertlər deyirlər ki, cənab Obama kampaniya aparmaq və idarə etmək arasındakı böyük fərqi öyrənib.

Cennifer Loless Amerika Universitetinin Qadın və Siyasət İnstitutuna rəhbərlik edir.

“Onun verdiyi vədlərin çoxu bu ehtimala əsaslandırdı ki, Vaşinqtonda ikitərəfli səylər olacaq. Con Beyner spiker seçildikdən sonra aydın oldiu ki, Respublikaçıların bir nömrəli məqsədi bunun qarşısını almaq idi,” deyə Loless bildirir.

Bir nümunə Arzu Aktıdır. Bu, qanun ABŞ-a uşaq ikən qeyri-qanuni gəlmiş mühacirlərə vətəndaşlıq hüququ verəcəkdi. Prezident onu dəstəklədi, amma qanun Konqresdən keçmədi.

İyunda prezident Obama elan etdi ki, Arzu Aktına düşən immiqrantların deportasiyası dayandırılacaq.

Maraqlısı budur ki, onun administrasiyası tarixdə ən çox qeyri-qanuni mühacir deportasiya etmiş hökumətdir.

Prezident Obama ölkənin səhiyyə sistemini islah etmək barədə kampaniya vədinə əməl etdi. Hərçənd ki, qanun qalmaqalla üzləşib, Ali Məhkəmə onun əsas hissələrini təsdiq etdi.

Onun Konqresə təqdim etdiyi 787 milyard dollar həcmində stimul paketi həyata keçdi və General Motors və Kraysler şirkətləri hökumət tərəfindən xilas edildi.

Prezident Obamanın hakimiyyəti dönəmində 2001-ci il 11 sentyabr terror hücumlarının müəllifi Osama bin Laden Pakistanda hərbi əməliyyat nəticəsində öldürüldü.

Prezident ABŞ qoşunlarını İraqdan çıxardı, Əfqanıstana əlavə qüvvə göndərdi və Rusiya ilə yeni silahlara nəzarət müqaviləsi imzaladı.

Barrak Obama prezident seçilən ilk afro-amerikalıdır. O, həmçinin həmcins nikahları dəstəkləyən ilk prezidentdir.

İctimai rəy sorğularında cənab Obamaya çox adamın rəğbət bəslədiyi aydın olur, amma çoxları həmçinin düşünürlər ki, Mitt Romni iqtisadiyyatın öhdəsindən daha yaxşı gələ bilər.

Barak Obama 1961-ci ildə Havay ştatında doğulub.

O, və xanımı Mişellin iki qızı var – Malia və Saşa.

Vitse-prezidenti Co Bayden yenidən Obamanın seçki tərəfdaşı olacaq. Bayden altı dönəmə ABŞ senatoru olub və xarici siyasət üzrə ekspert sayılır. O, Senat Xarici Əlaqələr Komitəsinin sədri olub.

Prezident və vitse-prezident Demokratların milli qurultayında 6 sentyabrda, cümə axşamı çıxış edəcəklər.