Nyu Yorkda Tribeca film festivalı keçirilir. Bu il festivalda Aronofskinin tələbəsi olan türk rejissor Cenk Ertürkün “Nuh Təpəsi” filmi nümayiş etdirilib. Filmin baş rollarında Türkiyənin ulduzları olan Haluk Bilginər, Ali Atay və Hande Doğandemir oynayıb.
“Nuh Təpəsi” filmi ata-oğul münasibətləri, ailə dəyərləri, din, yaddaş, ayrılıq, şəhər-kənd qarşıdurmaları kimi bir çox fərqli mövzunu içində birləşdirən hekayəyə sahibdir. Ömrünün son günlərini yaşayan ata - İbrahim (Hakuk Bilginer), oğlu Ömərdən (Ali Atay) onu ölmədən dünyaya gəldiyi kəndə aparmasını xahiş edir. Ömər atasını kəndə gətirdikdən sonra öyrənir ki, atasının xahişləri bununla bitməyir: o, öləndə uşaq vaxtı əkdiyi ağacın altına basdırılmaq istəyir. İbrahim və Ömər ağacı görməyə gedərkən qeyri-adi xəbərlə qarşılaşır. Bu ağac kənd camaatı tərəfindən pirə çevrilib. Hər gün yüzlərlə insan dualarının qəbul olunması üçün bu ağaca ziyarət edir. Beləliklə, Ərtürkün filminin hekayəsi bu konfliktin ətrafında baş verir.
Filmin rejissoru Cenk bəylə müsahibəmizi sizə təqdim edirik:
Amerikanın Səsi: Nyu Yorka ilk gəlişiniz deyil, Nyu York Universitetinin məzunusunuz. Hətta, bildiyimiz qədərilə diplom işinizin mövzusu “Nuh Təpəsi” filminin ssenarisi olub. Türkiyədən uzaqda ikən Türkiyənin problemləri haqda danışan ssenari yazmısınız. Bəs bu ssenarinin hekayəsi ağlınıza nə zaman gəldi?
Cenk Ertürk: Nyu York Universitendə magistratura tələbələrinin ikinci kursda bir qısa film çəkməsi vacibdir. Bu film bizim gələcək karyeramız üçün çox önəmlidir. Mən bu hekayəni o film üçün yazmışdım.
İllər öncə, atamla onun kəndinə getmişdik. Kənddə gəzərkən gözümün qabağında bir ağac yıxıldı. Ağac heç bir səbəbsiz, özözünə sürətlə çökdü və mən bundan çox təsirləndim. Bu haqda atamla danışdıq. Kim bilir, bu ağac nədən təsirlənib yıxıldı deyə düşündüm. O vaxtdan bu ağacın simvolu gözümün qabağında idi və illər sonra Nyu York Universitetində qısa film ssenarisi yazarkan hekayəni o ağacın ətrafında qurdum. Müəllimlərin hekayəni çox bəyəndi və mənə məsləhət gördülər ki, sən bu hekayəni qısa filmə xərcləmə, çox gözəldir bunu bir uzunmetrajlı bədii film etməlisən. Mən də müəllimlərimi dinlədim və bu hekayəni uzunmetrajlı filmə saxladım.
Amerikanın Səsi: Filmi izlərkən rejissor Darren Aronofskinin filmləri ağlımızdan keçdi. Daha sonra sizin Aronofskinin tələbəsi olduğunuzu öyrəndik. Hətta o, müsahibələrdən birində “mənim ən yaxşı tələbəm bir türk oğlandır” deyə sizdən bəhs edib. Belə bir dahi sənətkarla tanış olmusunuz, əminik ki, ondan çox şey öyrənmisiniz. Aronofskidən öyrəndiyiniz ən dəyərli məsləhət nə olub?
Cenk Ertürk: Haqlısınız. Aronofski təxminən 7 ildən bir NYU-da dərs keçir. Onun dərsini ala bilmək üçün bütün tələbələr məktub yazır və o, məktubunu bəyəndiyi tələbələri sinfinə salır. Mən seçdiyi 12 tələbədən biri oldum. Onun dərsində yazdığımız filmin ən dramatik səhnəsini əsl aktyorlar canlandırırdı. O, bizim bu aktyorları necə yönləndirdiyimizi, rejissorluğumuzu izləyirdi. Mənim proyektimi çox bəyəndi və çıxdığım yolda məni dəstəkləmək istədiyini deyib mənə bir məktub verdi. Məktubda məni gələcəkdə müraciət edəcəyim adamlara məsləhət gördüyünü yazmışdı. Bu məktub qarşıma çıxan bir çox əngəlin qarşısını aldı.
Ondan aldığım ən dəyərli məsləhət o olub ki, rejissor bəzən çəkiliş zamanı çox aktiv olub, bəzən də gözəgörünməz olmağı bacarmalıdır.