Mərkəzi parkda qış günü

Your browser doesn’t support HTML5

Mart ayı Nyu Yorka qar gətirib. Qarlı günlər şəhərdə böyük həyəcana səbəb olur. Nyu yorklular və turistlər qışın sehrini görə bilmək üçün Mərkəzi Parka yollanır. Manattanın mərkəzində yerləşən Mərkəzi Park gəzintiyə çıxanları bir anda təbiətin qoynuna aparır.

Mərkəzi parkın ziyarətçiləri

Amerikanın ən çox ziyarət olunan parkı olan Mərkəzi Parkı təkcə 2013-cü ildə 40 milyon insan ziyarət edib. O, həcminə görə Nyu Yorkun 5-ci ən böyük parkıdır. Bu park filmlərdə ən çox göstərilən məkanlardan biri olaraq da tarixə düşüb.

Park xüsusilə, qış aylarında romantik ab-havaya bürünür. “Qışın dərinliklərinə baxdıqca içimdəki yayı kəşf edirəm” deyib Albert Kamyu. Mərkəzi parkın ziyarətçiləri də onun kimi qışın sirrli aurasını hiss etmək üçün buraya yollanır.

Mərkəzi parkda şahmat klubu

Qar Nyu Yorka romantikadan başqa əyləncə gətirir. Məktəblər qar tətili elan etdiyi üçün uşaqlar bu parkda uşaqlığını doyunca yaşaya bilir. Parkda uşaqlar üçün xüsusi oyun mərkəzləri, yelləncək kompleksləri yerləşir.

Bundan başqa, parkın içində kiçik olsa da, əsl zooloji park var. Heyvansevərlər şimal yarımkürəsinin heyvanlarını görə bilmək üçün buraya qış aylarında gəlir. Zooloji parkda qütb ayısı, Sibir pələngi, pinqvinlər kimi qeyri-adi heyvanlar saxlanılır.

Parkın qış aylarında da çox ziyarət olunmasının səbəblərindən biri də, burda müxtəlif qış əyləncələrinə də yer verilməsidir. Məsələn, stolüstü oyun həvəskarları üçün xüsusi şahmat mərkəzi var.

Qapalı məkanda yerləşən oyun klubunda şahmat və domino kimi stolüstü oyunları sevənlər istədiyi oyunu pulsuz oynaya bilər. Şahmat mərkəzində klassik oyunlardan başqa bir çox yeni maraqlı oyunlar da var.

Nyu Yorkun Mərkəzi parkı

Şahmat mərkəzinin kitab köşəsində stolüstü oyunlar haqda müxtəlif kitablar yer alır. Bu oyun mərkəzi 1952-ci ildən bəri fəaliyyət göstərir. Bundan başqa parkda hədiyyə dükanı, kafelər kimi başqa qapalı məkanlar da var. Yəni, hətta fırtına çıxsa belə, Mərkəzi Parkda gözəl istirahət edə bilərsiniz.