“Mən dəyişmişəm” - Gülnarə Kərimova bağışlanılmasını istəyir və 686 milyon dollara iddası olmayacağını bildirir

Özbəkistanın sabiq prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimova Özbəkistan prezidentinə müraciət edərək, ona qarşı humanizm tətbiq edilməsini rica edib. Hal-hazırda koloniyada cəzasını çəkən Kərimova özünün pis durumu haqda məlumat verir və onun xarici banklar hesablarında olan 686 milyon ABŞ dollarına iddiası olmayacağını bildirir.

Kərimovanın müraciətini Istagram vasitəsilə qızı İman Kərimova yayıb.

​Sabiq prezidentin qızı müsadirə edilən vəsaitlər haqda yazır: “Protokol üçün bəyan etmək istəyirəm ki, indiyədək mənim Özbəkistan ərazisində mövcud olan aktivlərim şəxsi nəzarətimdən çıxaraq, artıq respublika büdcəsinin xeyrinə çalışır. Bu, bir neçə yerli təhqiqatların işi zamanı 1,2 milyard ABŞ dolları olduğu təsdiq olunub.”

Kərimova məktubunda əlavə olaraq daha çox pulu olduğunu və həmin pula iddası olmadığını bildirib: “Mənim vəkillərim, öz məsləhətlərinə zidd olaraq, mənim 131 milyon və 555 milyon ABŞ dolları həcmində maliyyə vəsaitinə iddia ilə bağlı sənədləri geri çəkiblər.”

“Hal-hazırda məni narahat edən səhhətimdir. İki tibbi əməliyyata olan ehtiyac məni prezidentə müraciət etməyə məcbud edir.” – deyə Kərimova izah edir.

Onun isveçrəli vəkili Qrequar Manje Twitter hesabında qeyd edib ki, müştərisinin səhhəti pisləşib və ona ehtiyac olan tibbi yardım göstərilmir.

Kərimova hal-hazırda Daşkəndin 21 nömrəli qadın koloniyasına cəzasını çəkir. Həmin koloniyaya o, ev dustaqlığından sonra 2019-cu ilin mart ayında köçürülüb.

2015-ci ildə Kərimovaya qarşı İsveçdə, İsveçrədə və ABŞ-da cinayət işləri açılıb. Sabiq prezidentin qızı bir milyard dollara yaxın vəsaitin mənimsənilməsində ittiham edilirdi.

2017-ci ilin dekabr ayında Gülnarə Kərimovaya Özbəkistanda 53 milyon ABŞ dolları həcmində maliyyə sui-istifadəsinə görə hökm oxunub. Ona 10 il azadlıqdan məhrumetmə cəzası verilsə də, şikayətdən sonra cəza yumşaldılaraq, 5 il ev dustaqlığı ilə əvəz edildi. Kərimovanın ev dustaqlığından koloniyaya köçürülməsinin səbəbi isə internetdən istifadə, evdən çıxmaq kimi onun ev dustaqlığı qaydalarını pozması olub.