Məhəmməd Talıblı: Düyünə düşən məsələ... Azərbaycan Ümumdünya Ticarət Təşkilatı ilə 22 ildir danışıq aparır

İqtisadçı alimin Amerikanın Səsinə müsahibəsi

İqtisadçı alim Məhəmməd Talıblı Amerikanın Səsinə müsahibəsində Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüklə bağlı apardığı danışıqlardan söhbət açıb.

Amerikanın Səsi: Azərbaycan Ümumdünya Ticarət Təşkilatına üzvülklə bağlı dünya rekordu vurub. Artıq 20 ildən çoxdur ki, danışıqlar davam edir. Buna səbəb nədir?

Düyünə düşən məsələ Dünya Ticarət Təşkilatına Azərbaycanın inkişaf etmiş və ya inkişaf etməkdə olan ölkə statusu ilə daxil olmasıdır.

Məhəmməd Talıblı: Təbii ki, Ümumdünya Ticarət Təşkilatı ilə Azərbaycan arasında münasibət uzun müddətdir ki, davam edir. Doğurdan da bu rekord göstərici hesab olunur. Çünki ən yüksək danışıqlar raundu Çinlə Ümumdünya Ticarət Təşkilatı arasında gedibdir. Artıq Azərbaycan 22-ci ilə daxil olur ki, Ümumdünya Ticarət Təşkilatı ilə bu tipli danışıqlar davam etdirir. Amma danışıqların özündə də, qeyri-müəyyənliklər çoxdur. Ona görə də bu, qeyri-müəyyənliklərin qalması ictimaiyyətdən daha çox gizlədilir. Bu danışıqlarda qeyri-müəyyənliklər çoxdur. Düyünə düşən məsələ, məhz, Dünya Ticarət Təşkilatına Azərbaycanın inkişaf etmiş və ya inkişaf etməkdə olan ölkə statusu ilə daxil olmasıdır ki, əsas problematik məsələ kimi qiymətləndirirlər.

Your browser doesn’t support HTML5

Məhəmməd Talıblı: Düyünə düşən məsələ... Azərbaycan Ümumdünya Ticarət Təşkilatı ilə 22 ildir danışıq aparır

Amerikanın Səsi: Ümumdünya Ticarət Təşkilatına ölkənin qəbulu ilə bağlı hansı qanunvericilik aktlarına dəyişikliklər edilməlidir?

Burada 34 əsas istiqamət var. Eyni zamanda 250-dən artıq bu tipli sənədlərdə alt istiqamətlərdə dəyişikliklər özünü ehtiva edir.

Məhəmməd Talıblı: Təbii ki, Ümumdünya Ticarət Təşkilatına üzvlük, eyni zamanda, Azərbaycandakı lokal, yerli qanunvericiliyin beynəlxalq səviyyəyə çatdırılması və ona uyğunlaşdırılması deməkdir. Burada 34 əsas istiqamət var. Eyni zamanda alt istiqamətlər də mövcuddur ki, 250-dən artıq bu tipli sənədlərdə alt istiqamətlərdə dəyişikliklər özünü ehtiva edir. Ona görə də Azərbaycanda təkcə milli qanunvericiliyin beynəlxalq qanunvericiliyə uyğunlaşması deyil, eyni zamanda dövlətin və cəmiyyətin qazancları üçün bir sıra addımlar atıla bilər. Bu da Azərbaycanın tamamilə bu inteqrasiyadan qazancları hesab oluna bilər.

Amerikanın Səsi: Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına qəbulu dövlətin idarəedilməsində hansı yeni situasiyalar yarada bilər?

Məhəmməd Talıblı: Hər bir ölkə öz legitimlik problemini həll edir. Legitimlik məsələsi nə ilə bağlıdır? Yəni hər bir ölkə nə qədər digər beynəlxalq iqtisadi qurumlara, bloklara inteqrasiya olunursa, bir o qədər də, onun digər təşkilatlar, eyni zamanda dövlətlər tərəfindən tanıtım imkanları yaxşılaşır. Ölkə legitemlik qazanır, ölkəyə daha çox investisiyalar cəlb olunur. Ölkənin kredit reytinqi yaxşılaşır. Bununla da ölkəyə xarici investisiyaların axınını təşkil etmiş olur. Bu da ölkənin iqtisadi inkişafı üçün çox səmərəli nailiyyətlərdən biri hesab olunur.

Amerikanın Səsi: ÜTT-yə qəbuldan cəmiyyətin, bir sözlə istehlakçıalrın gözləntiləri nə ola bilər?

Dövlət büddcəsinin 49.6 faizi neft fondu hesabına formalaşdığına görə hökumət bu cür fiskal risklərə hazır deyil.

Məhəmməd Talıblı: Azərbaycanda bu gün gömrükdə idxal olunan məhsullara yüksək rüsumların tətbiq olunması istehlakçıların daha çox vəsaitlər ödənilməsi hesabına başa gəlir. Avtomobil idxalından başlamış digər ərzaq məhsulları idxalına qədər. Bu idxallara yüksək rüsumların tətbiq olunması nəticədə istehlakçıların daha çox vəsaitlər xərclənməsinə gətirib çıxarır ki, bu da ölkənin təbii ki, daha çox dövlət büdcəsinin qazanması fürsətləri yaradır. Bu dövlət gəlirləri necə formalaşır? Vətəndaşlardan daha yüksək rüsumların alınması, biznesdən daha yüksək rüsumların alınması hesabına. Ona görə də idarəçiliyin özündə də beynəlxalq təşkilatlar, xüsusilə ticarət təşkilatlarına üzvlükdə fiskal risklərdən biri, məhz dövlət büdcəsinə daxilolma kanalının daralması ilə bağlıdır. Bu da Azərbaycanda neft fondundan ödəmələrin daha da artması təhlükəsi yaradır. Ona görə də Azərbaycan dövlət büdcəsi neft fondundan ödəmələrdə məhz transferlərin limitini azaltmaqla bu riskləri növbəti illərdə zərərsizləşdirə bilər. Amma indiki halda görünən odur ki, dövlət büddcəsinin 49.6 faizi məhz neft fondu hesabına formalaşdığına görə hökumət bu cür fiskal risklərə hazır deyil.

Amerikanın Səsi: ÜTT-yə qəbulun siyasi, sosial və iqtisadi riskləri ola bilərmi?

Məhəmməd Talıblı: Təbii ki, risklər bir neçə istiqamətdə ola bilər. Buna mən risklər də deməzdim. Daha çox bizim beynəlxalq təşkilatlara üzvlükdən itirə biləcəyimiz tərəflər ola bilər. Bu nə ilə bağlıdır? Ölkənin rəqabətə davamlı sektorların formalaşması ilə bağlıdır. Ümumdünya Ticarət Təşkilatının terminologiyasında buna adaptasiya tənəzzülü deyirlər. Yəni uyğunlaşma zamanı iqtisadiyyatda neçə istiqamətdə tənəzzül elementləri baş verə bilər. Amma bu, Ümumdünya Ticarət Təşkilatının ölkələrə vurduğu ziyan deyil. Belə deyək, bu, ölkələrin Ümumdünya Ticarət Təşkilatı ilə danışıqları raundu zamanı məhz özünü həmin rəqabətə davamlı sektorların yaxşı formalaşdırılmaması, həmin sahələrə yaxşı hazırlıq səviyyəsinin aşağı olması ilə bağlıdır ki, bu günahı isə dünya ticarəti təşkilatında yox, məhz həmin ölkələrin özündə axtarmalıyıq ki, hazırlıq səviyyəsi qənaətbəxş səviyyədə baş verməyib.