Məhəmməd Bin Salman Camal Xaşuqcinin oğluna başsağlığı verib

Səudiyyə Ərəbistanının bildirdiyinə görə, bazar ertəsi günü şahzadə Məhəmməd Bin Salman qətlə yetirilən jurnalist Camal Xaşuqcinin oğluna zəng edərək, başsağlığı verib.

Xaşuqci oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğuna daxil olduqdan sonra öldürülüb.

Səudiyyə Ərəbistanının xarici işlər naziri Əbdül Əl-Cübeyr qətl hadisəsinin 'böyük bir səhv' olduğunu deyib.

Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğan hadisə ilə bağlı detalları çərşənbə axşamı parlamentdə keçiriləcək yığıncaq zamanı açıqlayacağına söz verib.

Ərdoğan bazar günü Birləşmiş Ştatlar prezidenti Donald Trampla telefonla danışıb. Türkiyənın dövlət xəbər agentliyi hər iki liderin Xaşuqcinin qətli ilə bağlı işin "bütün aspektlərinin açıqlanmalı olduğu" barədə razılığa gəldiyini bildirib.

Jurnalist Camal Xaşuqcinin qətli beynəlxalq miqyasda hiddətlə qarşılanıb.

Bazar günü Fox televiziyasına verdiyi müsahibəsində Səudiyyə Ərəbistanının xarici işlər naziri Adel bin Əhməd Əl-Cübeyr qətl hadisəsinin böyük bir səhv olduğunu deyib və bu işdə əli olanların məsuliyyətə cəlb ediləcəyinə söz verib. “Bunu edən şəxslər bu işi öz səlahiyyətləri xaricində ediblər”- deyə, nazir bildirib.

Səudiyyə Ərəbistanı 59 yaşlı Xaşuqcinin oktyabrın 2-də, əlbəyaxa ilə nəticələnən mübahisədən sonra öldürüldüyünü iddia edir. Bu izahat ABŞ prezidenti Donald Tramp da daxil edilməklə, dünya ictimaiyyəti tərəfindən şübhə və hiddətlə qarşılanıb. Səudiyyə hökumətinin jurnalistin ölümü ilə bağlı açıqlamasına əvvəlcə inanan Tramp sonradan bunun "kələk və yalan olduğunu" bəyan edib.