Məhkəmə müxalif siyasətçinin oğlunun ölkədən çıxışına icazə verib

Gültəkin Hacıbəyli

Martın 11-də Bakı Apellyasiya Məhkəməsi müxalifətdə olan Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, Milli Məclisin keçmiş deputatı Gültəkin Hacıbəylinin 17 yaşlı oğlu Toğrul Mehdinin ölkədən çıxışına icazə verib.

Gültəkin Hacıbəyli Amerikanın Səsinə deyib ki, Bakı Apellyasiya Məhkəməsi hakim Azad İmanovun sədrliyi ilə onun şikayətini təmin edib.

Toğrul Mehdi 2017-ci ildən ölkədən çıxa bilmir. Atası Mahmud Mehdiyev Dövlət Sərhəd Xidmətinə ərizə ilə müraciət edərək onun ölkədən çıxışına icazə məqsədilə anasına verdiyi etibarnaməni ləğv etdirib.

"Gültəkin Hacıbəyli oğlumu mənim valideynlik hüquqlarımı pozmaqda davam edərək icazəm olmadan xaricə aparmaq istəyir. O, faktiki olaraq məni valideynlik hüququmdan məhrum etməyə cəhd etmiş olur. Məhkəmə də haqlı olaraq mənim valideynlik hüquqlarımı müdafiə edir. Yetkinlik yaşına çatmayan uşaqlar barəsində qərarlar onların valideynlərinin razılığı ilə həyata keçirilməlidir. Bu razılıq qarşılıqlı olmalıdır," Mehdiyev iki il öncə bildirib.

Belə ki, Hacıbəyli oğlunun ölkədən çıxışına icazə verilməməsi ilə əlaqədar bundan əvvəl bir dəfə ölkə daxilində hər üç məhkəmə instansiyasını keçib və müsbət nəticə əldə edə bilməyib.

Onun oğlu Toğrul Mehdi Almaniya universitetinə qəbul barədə rəsmi sənəd əldə edib. Bundan sonra sabiq deputat yenidən məhkəməyə müraciət edib. Bakının Nəsimi rayon Məhkəməsi bu dəfə də onun iddiasını təmin etməyib. Bakı Apellyasiya Məhkəməsi isə martın 11-də Nəsimi rayon Məhkəməsinin qərarını ləğv edib.

Hacıbəyli hesab edir ki, oğlunun ölkədən çıxış hüququnun məhdudlaşdırılması onun müxalif mövqeyinə görə verilmiş siyasi qərar idi, sadəcə, keçmiş həyat yoldaşının əli ilə həyata keçirilirdi.

Azərbaycan rəsmiləri isə ölkədə insanların siyasi baxışlarına görə təqib və təzyiqlərə məruz qalmadığını bildirir.