Məhkəmə jurnalisti təqsirləndirilən şəxs qismində tanıyıb

Bu gün, aprelin 2-də Xaçmaz rayon Məhkəməsi hakim Anar Sadıqovun sədrliyi ilə jurnalist Cəmil Məmmədliyə qarşı Quba rayon İcra Hakimiyyəti başçısı Ziyəddin Əliyevin xüsusi ittiham qaydasında iddia ərizəsini icraata götürüb. Məhkəmə jurnalisti Cinayət Məcəlləsinin 147.2 (ağır, xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma), 148-ci (böhtan) maddələri ilə təqsirləndirlən şəxs qismində tanıyıb.

Your browser doesn’t support HTML5

Cəmil Məmmədli: Qondarma iddiadır

Bu barədə Cəmil Məmmədli Amerikanın Səsinə müsahibəsində bildirib.

Məhkəmə baxışı aprelin 9-na təyin edilib.

Quba rayon (Bakıdan 168 kilometr şimal) icra hakimiyyəti başçısı Ziyəddin Əliyev müstəqil jurnalist Cəmil Məmmədlini xüsusi ittiham qaydasında məhkəməyə verib. Əliyev jurnalistin ona sosial şəbəkələrdə böhtan atdığını və təhqir etdiyni iddia edir.

Cəmil Məmmədli bildirib ki, bugünkü məhkəmədə onun nümayəndəsi hətta iddia ərizəsinin düzgün tərtib olunmamasını hakimin diqqətinə çatdırsa da nəzərə alınmayıb.

“Quba rayon İcra Hakimiyyəti başçısı məni araşdırma yazılarıma görə məhkəməyə verib. Ancaq mən bunun əksini sübut etməyə hazıram. Bu qondarma iddiadır. Bu, o dərəcədə qondarmadır ki, məni ittiham etdikləri epizodların biri Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində, biri Quba rayon Məhkəməsində araşdırılır, o birisi barədə isə hüquq-mühafizə orqanlarına şikayət ediblər. Ancaq bunlar məni həmin epizodlar üzrə böhtanda təqsirləndirir,” o qeyd edib.

Məmmədli deyib ki, Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevlə bağlı araşdırma videoları yayıb.

“Əslində prokurorluq orqanları mənim Youtube kanalımdaFacebook səhifəmdə yaydığım araşdırmalarda əksini tapan faktlara hüquqi qiymət verməlidir,” o qeyd edib.

Cəmil Məmmədli hazırda müstəqil jurnalist kimi fəaliyyət göstərir. O, əvvəllər Azadlıq radiosunun bölgə müxbiri olub.