Məhkəmə jurnalist barəsində həbs qətimkan tədbirinin müddətini daha 4 ay uzadıb

Polad Aslanov

Oktyabrın 5-də Səbail rayon Məhkəməsi hakim Aytən Əliyevanın sədrliyi ilə Dövlət Təhlükəsizliyi Xidmətinin müraciəti əsasında jurnalist Polad Aslanov barəsində həbs qətimkan tədbirinin müddətini daha dörd ay, 2020-ci il fevralın 12-dək uzadıb. Məhkəmə qapalı rejimdə keçirilib.

Bu barədə Amerikanın Səsinə jurnalistin həyat yoldaşı Gülmirə Aslanova bildirib.

SEE ALSO: Sərhədsiz Reportyorlar redaktorun həbsini pisləyir

Xeberman.com saytının redaktoru Polad Aslanov iyunun 12-də saxlanılıb, növbəti gün məhkəmə onun barəsində 4 ay həbs qətimkan tədbiri seçib. Aslanova qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülüb. İstintaq Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən aparılır.

Jurnalist ittihamı qəbul etmir, sifariş hesab edir.

Yerli və beynəlxalq təşkilatlar Aslanovun cinayət təqibini pisləyir, onun həbsinin əsl səbəbinin jurnalist fəaliyyəti olduğunu hesab edir.