Məhkəmə Eldar Həsənovu həbsdə saxlayıb

Avqustun 20-də Bakı Apellyasiya Məhkəməsi Azərbaycanın Serbiyada, Monteneqroda, Bosniya və Hersoqovinadakı keçmiş səfiri Eldar Həsənovun Səbail rayon Məhkəməsi tərəfindən barəsində seçilmiş həbs qətimkan tədbirindən verdiyi şikayəti təmin etməyib.

Eldar Həsənov avqustun 13-də Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən şübhəli şəxs qismində saxlanılıb.

DTX-nin məlumatına görə, Azərbaycan Xarici İşlər Nazirliyinin bəzi vəzifəli şəxslərinin öz səlahiyyətlərindən sui-istifadə edib dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran əməllərə yol vermələri ilə bağlı başlanılmış cinayət işi üzrə Xarici İşlər Nazirliyinin İşlər idarəsinin müdiri, Nazirliyin Tender Komissiyasının sədri Fərhad Molla-zadə, Konsulluq idarəsinin rəisi Faiq Bağırov və digərləri vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvət alma faktlarına görə cinayət məsuliyyətinə cəlb edilərək barələrində məhkəmənin qərarları əsasında həbs qətimkan tədbiri seçilib.

Maliyyə yoxlamaları zamanı Azərbaycanın Serbiyada, Monteneqroda, Bosniya və Hersoqovinadakı səfiri Eldar Həsənov tərəfindən də xeyli miqdarda büdcə vəsaitinin təyinatı üzrə istifadə edilməməsi və digər qanun pozuntularının törədilməsinə dair əsaslı şübhələr müəyyən edilib. Aparılan istintaq çərçivəsində Eldar Həsənov şübhəli şəxs qismində tutulub.

Avqustun 14-də Bakının Səbail rayon Məhkləməsi hakim Azər Tağıyevin sədrliyi ilə Eldar Həsənov barəsində noyabrın 3-dək həbs qətimkan tədbiri seçib.

Avqustun 20-də Bakı Apellyasiya Məhkəməsi onun şikayətini təmin etmədikdən sonra vəkil Adil İsmayılov bildirib ki, Eldar Həsənov ittihamları qəbul etmir, həbsini qərəzli, əsassız hesab edir və saxlanıldıqdan bu günə kimi ifadə verməkdən imtina edib, heş bir ifadə verməyib.

“Eldar Həsənov həbsini anlaşılmazlıq hesab edir, məsələnin ölkə daxilində, hüquqi müstəvidə öz həllini tapacağına ümidini itirməyib. Onun səhhətində problemlər var, həkim olmadığım üçün, həm də onun xahişi ilə bu barədə ətraflı heç nə deyə bilmərəm. Yaxın günlərdə ev dustaqlığı barədə məhkəməyə müraciət etməyi düşünürük,” vəkil qeyd edib.

Həsənov 2013-cü ildən Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı səfiri olub və həbsindən sonra, avqustun 17-də prezidentin sərəncamı ilə geri çağırılıb. O bundan öncə 2001-2013-cü illərdə Rumıniyada səfir olub. Həsənov həmçinin 1995-2000-ci illərdə Azərbaycanın baş prokuroru olub.