Bu gün, noyabrın 15-də Bakı Ağır Cinayətlər Məhkəməsi hakim Samir Əliyevin sədrliyi ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Aqil Hümbətovu 10 il müddətinə azadlıqdan məhrum edib. Dövlət ittihamçısı müxalifət fəalına 10 il həbs istəmişdi.
Your browser doesn’t support HTML5
Hümbətov ittihamı rədd edərək ona qarşı təxribat təşkil edildiyini və heç kimə hücum etmədiyini bildirib. Müxalifətçi cinayət işini Azərbaycan rəhbərliyini tənqidinə görə "qisas" kimi qiymətləndirib.
Vəkil Nemət Kərimli məhkəmədə Hümbətova qarşı irəli sürülən ittihamın sübuta yetirilmədiyini deyib. Məhkəmə hökmündən apellyasiya şikayəti veriləcək.
Hüquq müdafiəçiləri AXCP fəalının istintaqı və məhkəməsi zamanı insan hüquqları üzrə Azərbaycan qanunvericliyinin və beynəlxalq öhdəliklərin pozulduğunu bildirib.
AXCP fəalı bu il avqustun 11-də Bakının Zirə qəsəbəsində Yamən Məmmədov adlı şəxsə bıçaqla xəsarət yetirməkdə ittiham olunur.
Hümbətova qarşı Cinayət Məcəlləsinin 126.2.4-ci maddəsi ilə (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) cinayət işi açılıb və barəsində Xəzər Rayon Məhkəməsinin qərarı ilə 4 ay həbs-qətimkan tədbiri seçilib.
AXCP fəalı bundan öncə 2019-cu il martın 14-də saxlanılaraq 30 sutka inzibati həbsə məhkum edilib.
AXCP onun saxlanılmasına sosial şəbəkələrdə prezident İlham Əliyevə müraciətinin səbəb olduğunu bildirib.
Bakının Zirə qəsəbəsinin sakini olan Hümbətov deyib ki, işsizdir və üç uşaq böyüdür, yerli hakimiyyət onun problemləri ilə məşğul olmur, buna görə o, zibilliklərdə karton yığıb satmaqla pul qazanmaq məcburiyyətindədir.
Bundan sonra Hümbətov 2020-ci ilin aprelində və iyununda Bakının Maştağa qəsəbəsində yerləşən 1 saylı Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilib.