Məcburi köçkünlərin yaşadığı yataqxanada yanğın baş verib
Your browser doesn’t support HTML5
Avqustun 28-də Bakının Yasamal rayonu Şərifzadə küçəsində yerləşən yataqxana binasına bitişik taxta konstruksiyadan ibarət tikilidə və binanın bəzi hissələrində yanğın baş verib. Yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Məlumata görə, yanğında bir nəfər başından xəsarət alıb. Əraziyə gələn təcili tibbi yardım briqadası tərəfindən ona ilkin tibbi yardım göstərilib.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi rəsmi saytında yanğınla bağlı açıqlama verib.
Açıqlamada qeyd edilir ki, komitənin nümayəndələri hadisə yerinə baş çəkib, orada müvəqqəti məskunlaşmış məcburi köçkünlərin vəziyyəti ilə tanış olublar.
Hazırda yanğın olan binada Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın tələbləri əsasında, yeni müvəqqəti yaşayış sahəsinə köçürülməsi mümkün olmayan ailələr yaşayırlar.
Sakinlər yanğının qısaqapanma səbəbi ilə baş tutduğunu deyir.
Yanğının başvermə səbəbləri Fövqəladə Hallar Nazirliyi tərəfindən araşdırılır.