Müsavat Partiyasının başqanı Prezident Administasiyasının şöbə müdiri ilə görüşüb

Arif Hacılı çıxış edərkən

Oktyabrın 2-də Azərbaycan Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyevin Müsavat Partiyasının başqanı Arif Hacılı ilə görüşündə cəbhə bölgəsində son durum və Qarabağ məsələsində vahid siyasi iradənin nümayiş etdirilməsi zərurəti müzakirə olunub.

Bu barədə Arif Hacılı məlumat yayıb.

“Müsavat Partiyasına ünvanlanan təkrar təkliflər əsasında Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyevlə görüşdük. Əvvəlcədən razılaşdırdığımız kimi Qarabağ məsələsi ilə bağlı müzakirələrimiz oldu. Ərazi bütövlüyümüzün təmin olunması üçün son dövrlərdə həyata keçirilən zəruri tədbirlərlə bağlı xüsusi fikir ayrılıqlarımızın olmamasını, dövlətimizin və xalqımızın taleyində mühüm olan Qarabağ məsələsində vahid siyasi iradənin nümayiş etdirilməsinin vacibliyi haqqında mövqeyimizi bir daha dəqiqləşdirdik. Bu istiqamətdə görüləcək bəzi zəruri məsələlərdən danışdıq,” Arif Hacılı özünün facebook səhifəsində qeyd edib.

Xatırladaq ki, Müsavat Partiyası indiyədək hökumətlə danışıqlarda iştirak etməyib.

“Müsavat Partiyası bəyan edib ki, yalnız konkret ümummilli məsələlərlə bağlı hökumətlə dialoq qurula bilər. Bu dəfə təklif olunan mövzu ümummilli xarakter daşıdığından görüş baş tutdu,“ Müsavat Partiyasından Amerikanın Səsinə deyiblər.