Müsavat Partiyasının fəalı cərimələnib

Əziz Məmiyev

Müsavat Partiyasının Gənclər Təşkilatının sədr müavini Əziz Məmiyev karantin qaydalarını pozmaqda günahlı bilinərək 100 manat cərimə edilərək sərbəst buraxılıb. O, qapalı yerdə maska taxmamaqda günahlı bilinib. Bu barədə fəalın özü Amerikanın Səsinə bildirib.

Bundan öncə Əziz Məmiyev Sabirabad rayonunda (Bakıdan 178 kilometr cənub-qərb) polis tərəfindən saxlanıldığını bildirib.

"Sabirabad rayon polis əməkdaşları tərəfindən saxlanıldım. Hal-hazırda bölməyə aparılıram," Məmiyevin özü Bakı vaxtı ilə saat 10 radələrində Facebook səhifəsində yazıb.

Müsavat Partiyası Məmiyevin polis tərəfindən saxlanıldığını təsdiq edib.

Partiyanın mətbuat xidmətindən Amerikanın Səsinə bildiriblər ki, hazırda fəalın hansı səbəbdən saxlanılması barədə məlumat əldə etməyə çalışırlar.

Öz növbəsində, Sabirabad rayon Polis Şöbəsinin növbətçi hissəsindən Amerikanın Səsinə bildiriblər ki, polis şöbəsinə Əziz Məmiyev adlı şəxs gətirilməyib.