Müsavat fəalının məhkəməsi davam etdirilib

Azad Həsənov

Aprelin 23-də Bakı Ağır Cinayətlər Məhkəməsində Müsavat Partiyasının fəalı Azad Həsənovun işi üzrə proses davam edib.

O, 2018-ci ilin oktyabrında, 4 ildir siyasi mühacirətdə yaşadığı Litvadan Bakıya qayıtdıqdan dərhal sonra saxlanılıb. Onu Cinayət Məcəlləsinin 234.4.3-cü (böyük ölçüdə narkotik maddələrin qanunsuz dövriyyəsi) maddəsi ilə ittiham edirlər. Azad Həsənov ittihamı qəbul etmir, siyasi sifariş olduğunu bildirir.

Proses şahidlərin dindirilməsi ilə davam edib. Hal şahidi Böyükbəy Əlirbəyov bildirib ki, Bakı şəhər Baş Polis İdarəsində xidməti kabinetdə Həsənovun şalvarının cibindən işərisində boz rəngli toz olan üç bağlama çıxardığını və onları qəbirstanlıqda tapdığını dediyini görüb. Həmçinin, Əlirbəyovun sözlərinə görə, Həsənovun cibində içərisində 500 avro olan pul kisəsi və telefon var idi.

Bundan başqa, şahid bildirib ki, 2-3 ay sonra müstəntiq ona zəng edib və üzləşməyə dəvət edib. Amma Azad Həsənov özü etiraz edib, saxlanıldığı gün kabinetdə belə bir hal şahidinin ümumiyyətlə olmadığını, onu ilk dəfə üzləşmədə gördüyünü bildirib.

Vəkilin suallarından və şahid ifadələrinin oxunmasından sonra məlum olub ki, o, pul görməyib, bundan başqa, təqsirləndirilən şəxsin bağlamaları çıxardığı cibləri yanlış söyləyib.

Şahid bunu üzləşmə zamanı vəkil Osman Kazımovun ona təzyiq göstərməsi ilə izah edib. Bundan başqa, şahid bildirib ki, kabinetə sonuncu daxil olub, amma onun bu sözləri də digər hal şahidinin ifadələri ilə ziddiyyət təşkil edib.

Şahid Pərviz Məmmədov – Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşı, ifadəsində bildirib ki, əməliyyatçı Elvin Kazımova Azad Həsənov adlı vətəndaşın qanunsuz narkotik satışı ilə məşğul olması barədə operativ məlumat daxil olub. Əməliyyat qrupu formalaşdırılıb, o da qrupun tərkibində Həsənovu saxlamaq üçün Hövsan qəsəbəsinə gedib.

Xarici əlamətlərinə görə bu şəxsin Azad olduğunu başa düşən qrup üzvləri ona yaxınlaşıb, özlərini təqdim ediblər və onu saxlayıblar. İdarədə vəkilin və hal şahidlərinin iştirakı ilə keçirilən baxış zamanı Həsənov şalvarının ön cibindən içərisində boz rəngli toz olan üç bağlama çıxarıb, daha sonra bağlamaların içindəki maddə möhürlənmiş zərfdə ekspertizaya göndərilib.

Vəkil Osman Kazımov bildirib ki, bu şahidin ifadələrində ziddiyyətlər var. Belə ki, o, məhkəmədə Həsənovun üzərindən tapılan maddənin toz şəklində olduğunu bildirib, protokolda isə kristal şəklində olduğu göstərilib.

Daha sonra vəkil Kazımov əməliyyatda iştirak edən və ona rəhbərlik edən, Həsənovun saxlanıldıqdan sonra doğmaları və vəkili ilə əlaqə saxlamasına icazə verməyən polis əməkdaşı Fikrət Qasımovun dindirilməsi barədə vəsatət qaldırıb.

Vəkil həmçinin Həsənovu axtaran qohumlarının zənglərinin çıxarışının alınması üçün 102 xidmətinə və Baş Prokurorluğun qaynar xəttinə sorğu göndərməyi xahiş edib.

Məhkəmə vəsatətləri mayın 7-də keçiriləcək növbəti iclasda cavablandırmağa qərar verib.