Bu gün, noyabrın 13-də səhər saatlarında Azərbaycan hərbçilərinin və Rusiya sülhməramlılarının Şuşa şəhəri yaxınlığında keşik çəkdiyi buraxılış məntəqəsində erməni əsilli bir mülkin şəxs qumbara atdığı haqda məlumat verilib.
Sosial şəbəkələrdə yayılan videoda mülki şəxsin Rusiya sülhməramlılarının olduğu buraxılış məntəqsindən keçdikdən sonra avtomobildən düşərək Azərbycan hərbçilərinin durduğu istiqamətə qumbara atdığı və Rusiya sülhməramlılarının həmin şəxsi saxlayaraq xüsusi təyinatlı avtomobilə mindirdiyi göstərilir.
Xankəndindəki erməni icmasının daxil işlər nazirliyi kimi təqdim edilən qurum azərbaycanlılarla ermənilər arasında insidentə görə Xankəndi-Şuşa-Laçın avtomobil yolunun müvəqqəti olaraq bağlandığını və sonra yolda hərəkətin bərpa olunduğuni bildirir.
Azərbaycan Baş Prokuroluğu və Daxili İşlər Nazirliyinin yaydığı birgə məlumatda bildirilir: "Noyabrın 13-də Azərbaycann Xankəndi şəhərindən Xankəndi-Laçın şosse yolu ilə 48-MN-048 ER dövlət qeydiyyat nişanlı “Mercedes Benz” markalı avtomobillə Laçın şəhəri istiqamətində hərəkətdə olan Ermənistan vətəndaşı Norayr Mirzoyan və qeyriləri cinayətkar birlik halında “RQD-5” markalı əl qumbarası və digər odlu silah, partlayıcı maddələr əldə edib gəzdirməklə Azərbaycan ərazisində terror aktı törətmək, habelə qəsdən adam öldürmək məqsədilə idarə etdiyi avtomobildən düşüb Şuşa şəhərinin Daşaltı kəndinin yaxınlığında xidmət aparan Azərbaycan Silahlı Qüvvələrinin N saylı hərbi hissəsinin və Rusiyanın sülhməramlı kontingentinin hərbi qulluqçularının həyatını təhlükəyə atmaqla əl qumbarasını onların istiqamətində atıb, nəticədə Azərbaycan Ordusunun hərbiçisi Hafiz Nəsibova və digərlərinə (cəmi üç nəfərə) müxtəlif dərəcəli bədən xəsarətləri yetirməklə milli düşmənçilik niyyətilə qəsdən öldürülmələrinə cəhd edib".
Azərbaycan Baş Prokuroru tərəfindən fakta görə Cinayət Məcəlləsinin 29, 120.2.1 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürməyə cəhd), 29, 120.2.3, (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürməyə cəhd), 29, 120.2.4 ( xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd), 214.2.3 (terrorçuluq-odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 228.3 (qanunsuz olaraq odlu silah, partlayıcı maddə əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə mütəşəkkil dəstə tərəfindən törədildikdə) və digər maddələri ilə cinayət işi başlanmaqla istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib. Hazırda iş üzrə intensiv istintaq-əməliyyat tədbirləri aparılır.
Ermənistanın və Rusiyanın rəsmi qurumları insidentlə bağlı hələ məlumat yaymayıb.
Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında 2020-ci il sentyabrın 27-də yenidən başlayıb 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu noyabrın 10-dək beynəlxalq tanınmış sərhədləri daxilində 300-dən çox yaşayış məntəqəsi, o cümlədən 5 rayon, həmçinin Şuşa şəhərinə nəzarəti bərqərar etdikdən sonra Azərbaycan, Ermənistan və Rusiya liderləri döyüş əməliyyatlarının dayandırılması barədə üçtərəfli bəyanat imzalayıb.
Razılaşmaya əsasən, Ağdam, Kəlbəcər və Laçın rayonları da Azərbaycanın nəzarətinə qaytarılıb.
Dövlət başçılarının birgə bəyanatına uyğun olaraq Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyunca Rusiyanın 1960 sayda hərbi qulluqçudan ibarət odlu silahlı sülhməramlı kontingenti, 90 zirehli transportyoru, 380 ədəd avtomobil və xüsusi texnikası yerləşdirilib.
Azərbaycanın Ağdam rayonu ərazisində atəşkəs rejiminə nəzarət etmək üçün Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətə başlayıb.