Müharibədə həlak olmuş hərbi qulluqçu və veteran ailələrinin banklarda olan borcları silinə bilər

Azərbaycan və Ermənistan arasında sentyabrın 27-də başlayan və noyabrın 10-da Bakının Dağlıq Qarabağa bitişik yeddi rayon və separatçı bölgənin bəzi rayonları üzərində nəzarətinin bərpası ilə başa çatan müharibədə həlak olmuş hərbi qulluqçu və veteran ailələrinin banklarda olan borcları silinə bilər.

“Qazi və şəhid ailələrinə çox ciddi diqqət göstərilməlidir. Biz bu istiqamətdə işlər görürük”, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.

Mərkəzi Bankın sədri bildirib ki, onların banklara olan borclarının silinməsi və digər problemlərin həlli ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi ilə birlikdə mərkəz yaradılacaq.

Elman Rüstəmov qeyd edib ki, dövlət tərəfindən bu istiqamətdə ciddi işlər görülür:

"Maliyyə sektorunda da bu istiqamətdə tədbirlər həyata keçirilir. Şəhid və qazilər bizim qəhrəmanlarımızdır. Onlarla görüşərək biz bu məsələləri həll edəcəyik. Prezident İlham Əliyev tərəfindən də bununla bağlı çox ciddi göstərişlər verilib. Şəhid və qazi ailələrinin problemləri, bununla bağlı məsələlər Prezidentin, cəmiyyətimizin, hörmətli Mehriban xanımın diqqətindədir”.

Azərbaycan Müdafiə Nazirliyi dekabrın 8-də Dağlıq Qarabağda son hərbi əməliyyatlar zamanı həlak olanların adlarını açıqlayıb.

"Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Vətən müharibəsində 2783 nəfər şəhid olmuş Silahlı Qüvvələrimizin hərbi qulluqçuları barədə 3 dekabr 2020-ci il tarixli məlumatına əlavə olaraq bildiririk ki, bu günədək 2723 şəhidimiz dəfn edilib,” Müdafiə Nazirliyi bildirib.

Azərbaycan Müdafiə Nazirliyinin dekabrın 3-də ilk Ermənistanla 44 gün sürən müharibə zamanı hərbi itkilərlə bağlı bəyanatına əsasən, 103 nəfər hərbi qulluqçunun DNT analiz metodu ilə şəxsiyyətinin müəyyən edilməsi üzrə işlər davam etdirilir. Həmçinin 100 nəfərdən artıq hərbi qulluqçunun itkin düşmüş hesab olunduğu bildirilib.