Myanma təhlükəsizlik qüvvələri tərəfindən 80-dən çox nümayişçinin öldürüldüyü bildirilir

Şənbə günü verilən məlumata görə, Myanma təhlükəsizlik qüvvələri cümə axşamı və cümə günləri devrilmiş mülki hökumətin bərpasını tələb edən fəalların yenidən ölkənin cənub-şərqindəki bölgələrdə küçələrə çıxdığı zaman 80-dən çox xunta əleyhdarı nümayişçini öldürüb.

Myanmar Now xəbər agentliyi və Siyasi Məhbuslara Yardım Assosiasiyası (AAPP) etirazçıların hökumət qüvvələrinin Myanmanın ən böyük şəhəri olan Yangondan təqribən 65 kilometr şimal-şərqdə yerləşən Bago şəhərində nümayişçilərə qumbara atması nəticəsində öldürüldüyünü bildirib.

Myanmar Now 82 nəfərin öldüyü haqda məlumat verib, ölkədə ölüm hallarının sayını hesablayan yerli monitorinq qrupu olan AAPP isə cümə günü Baqoda 80-dən çox çevriliş əleyhdarı nümayişçinin təhlükəsizlik qüvvələri tərəfindən öldürüldüyünü bildirib.

BMT şənbə günü açıqladığı bəyanatda Baqoda mülki şəxslərə qarşı ağır artilleriya silahlarından istifadə edildiyi və yaralananların tibbi müalicə almadıqları barədə xəbərlər aldığını bildirib.

“Zorakılığa dərhal son qoyulmalıdır. Biz təhlükəsizlik qüvvələrini tibbi qrupların yaralıları müalicə etməsinə icazə verməyə çağırırıq”, BMT-nin bəyanatında deyilir.

Yeni hərbi hökumətə qarşı çıxan etnik ordular ittifaqının şənbə günü Naungmon kəndində bir polis bölməsinə hücum edərkən azı 10 polis işçisini öldürdüyü bildirilir.

Hərbi hökumət öldürülənlərlə bağlı məlumatları şərh etməyib.

Verilən məlumatlara əsasən, hökumətin nümayişçilərə qarşı qəddar basqılarından qorxmayan nümayişçilər şənbə günü Lauglon şəhərində və qonşu Davey şəhərində yenidən küçələrə qayıdıb.

Siyasi Məhbuslara Yardım Assosiasiyasının bundan öncə verdiyi məlumata əsasən, fevralın 1-də hərbi qüvvələr tərəfindən Demokratiya Uğrunda Milli Liqa hökumətinin kənarlaşdırılaraq, keçmiş faktiki lider Aunq San Suu Çi və prezident Vin Myintin həbs edildiyi çevrilişindən sonra ölkədə 618 nəfərin ölüb. Myanmanın bütün şəhərlərində hərbi vəziyyət tətbiq edilib.

Suu Çi Myanmaya 2015-ci ildə ilk demokratik seçkidən sonra rəhbərlik edib, lakin Myanmanın hərbçiləri keçən il noyabr ayında keçirilən seçkinin nəticələrinə etiraz edərək, dəlillər olmadan geniş yayılmış seçki saxtakarlığının olduğunu iddia ediblər.