Myanma xuntası ölkənin de-fakto lideri Aunq San Su Çini rüşvət almaqda günahlandırıb

Nümayiş zamanı yenə də ölüm hallarının baş vediyi cümə axşamı
Myanmanın hərbi xuntası ölkənin istefaya göndərdiyi de-fakto lideri Aunq San Su Çini 500 min dollardan çox rüşvət almaqda günahlandırıb.

Maqve bölgəsindəki Myainq qəsəbəsindəki Tələbələrə Sosial Yardım Könüllüləri Fondunun sədri Naunq Lin Han Amerikanın Səsinə qəsəbəsinin polis bölməsinin ətrafda keçirilən nümayiş zamanı polisin atəş açması nəticəsində 8 nəfərin öldüyünü, 6 nəfərin yaralandığını bildirib. Bu, Myainqdəki nümayişçilərə qarşı ilk ölümcül hücum olub.

Yanqon və ölkənin ikinci böyük şəhəri Mandalayda da ölənlərin olduğu bildirilib.

Paytaxt Neypityoda keçirilən mətbuat konfransında ordu sözçüsü, general Zau Min Tun ölkənin sabiq baş naziri Fyo Min Tinin şikayətinə əsasən, ölkənin həbsdə olan lideri Aunq San Su Çini vəzifədə olarkən 600 min dollar rüşvət və qızıl külçələr almaqda ittiham edir.

Bundan əvvəl Su Çiyə qeydiyyata alınmamış altı walkie-talkie radiosuna qanunsuz sahib olmaqda və həmin rabitə lisenziyası olmadan istifadə etmək, COVID-19 protokollarını pozaraq kütləvi toplantılar keçirmək və ictimai iğtişaşlar yaratmağa cəhd etmək kimi cinayət ittihamları irəli sürülərək, məsuliyyətə cəlb olunub.

Myanmanın hərbi rejimi çevrilişə qarşı olan nümayişçilərə qarşı törətdiyi zorakılıqlara görə beynəlxalq ictimaiyyət tərəfindən tənqidlərə məruz qalır. Amnesty International təşkilatının cümə axşamı açıqladığı hesabatda xunta “dinc etirazçılara qarşı döyüş meydanında istifadə edilən taktikadan, silahdan istifadə etməkdə” günahlandırılıb.

Baş qərargahı Londonda yerləşən təşkilat “ölümlə nəticələnən hücumlar da daxil olmaqla, Myanmanın təhlükəsizlik qüvvələrinin hərəkətlərinin planlı və sistematik” olduğunu deyib və bir çox qətlləri “məhkəmədən kənar edam” olaraq xarakterizə edib.