Myanmada hərbi xuntaya qarşı etirazlar davam edir

Rejimin zorakılığının və ölüm hallarının artmasına baxmayaraq, Myanmada hərbi xuntaya qarşı etirazlar bazar ertəsi davam edib.

Yüzlərlə nümayişçi səhər tezdən Mandalayın əsas yolu boyunca yürüş keçirib. Onların çoxu bir gün əvvəl olduğu kimi ağ xalat geyinmiş həkimlər, tibb bacıları, tələbələr və ağ xalatlı əczaçılar olmaqla, tibb işçiləri olub.

Reuters xəbər agentliyinin bildirdiyinə görə, ticarət mərkəzi olan Yanqonda çox sayda avtomobil sürücüsü sosial şəbəkələrdə edilən çağırışa cavab olaraq, siqnal verib.

Myanmada xaos fevralın 1-dən, ordunun ölkənin faktiki lider Aunq San Su Çi və demokratik yolla seçilmiş sivil hökumətin digər üzvlərinin həbsindən bəri davam edir. İkisi ölkənin ikinci böyük şəhəri Mandalayda olmaqla, bazar günü polislə mülki vətəndaşlar arasında baş verən qarşıdurmalar zamanı azı üç nəfər ölüb.

“Siyasi Məhbuslara Yardım Fondu” adlı fəallar qrupu çevrilişdən sonra nümayişlər zamanı təxminən 250 nəfərin öldüyünü, 2000-dən çox insanın həbs edildiyini bildirib.

Avstraliya rəsmiləri bazar günü vətəndaşları olan iki iş adamının Myanmada həbs edildiyini təsdiqləyib. Avstraliya hökuməti əlaqədar tərəflərin məxfiliyinə istinad edərək, əlavə məlumat verməkdən imtina edib.

Reuters xəbər agentliyi Sinqapur Xarici İşlər Naziri Vivian Balakrişnanın Myanmadakı vəziyyətlə bağlı müzakirələr aparmaq üçün bazar ertəsi Bruney Darüssalama, sonra isə Malayziya və İndoneziyaya səfər edəcəyini bildirib.

Bazar ertəsi Brüsseldə Avropa İttifaqının xarici işlər nazirlərinin toplantısında iştirak edən xarici siyasət müdiri Cosef Borrell Myanmadakı zorakılıqlarla əlaqədar sanksiyalar tətbiq ediləcəyini deyib. "Çevriliş və nümayişçilərin repressiyasında iştirak edən 11 şəxsə qarşı sanksiya tətbiq edəcəyik" - deyə, o bildirib.

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş ölkənin şərqindəki Şan vilayətinin mərkəzi Aounban şəhərində çevriliş əleyhinə nümayişlər zamanı azı 8 etirazçının öldürülməsindən sonra Myanma ordusunun davam edən vəhşiliyini kəskin şəkildə qınayıb.