Müxalifətçinin 15 yaşlı oğlu adam öldürmədə təqsirli bilinib

Müxalifətçinin 15 yaşlı oğlu adam öldürmədə təqsirli bilinib

Məhkəmə Mirələmovu 8 il müddətinə azadlıqdan məhrum edib,

Lənkəranda Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmədə Xamməd Nuriyevin sədrliyi ilə qətl törətməkdə ittiham olunan 15 yaşlı Vasif Mirələmov barəsində hökm oxunub.
Məhkəmə onu 120.1-ci (qəsdən adam öldürmə) maddə ilə təqsirli bilib və 8 il müddətinə azadlıqdan məhrum edib. Bu barədə Amerikanın Səsi radiosuna Vasif Mirələmovun atası AXCP Cəlilabad rayon təşkilatının sədri Təzəxan Mirələmli bildirib.
Cəlilabad rayon 7 saylı məktəbin 8-ci sinif şagirdi Vasif Mirələmov həmin məktəbin 10-cu sinif şagirdi Cavanşir Həsənovu qətlə yetirməkdə təqsirli bilinir. Hadisə 2011-ci il aprelin 5-də baş verib. Məktəbin bir qrup şagirdi Vasif Mirələmovu atası müxalifətin mitinqində iştirak etdiyinə görə ələ salıblar. O isə bıçaqla Cavanşir Həsənovu qətlə yetirib. Vasif Mirələmov təqsirini qismən etiraf edib.
Prosesdə yeniyetmənin qanuni maraqlarını atası təmsil edib. O bildirib ki, məhkəmə ittiham tərəfin mənafeyini müdafiə edib və hökm faktiki olaraq ittiham aktının mətnini təkrarlayıb.
Hakim Mirələmovun 8 il müddətinə azadlıqdan məhrum edilməsi haqqında qərar çıxarıb, baxmayaraq ki, bu maddə ilə minimal cəza 7 il həbsdir.
Məhkəmə təqsirləndirilən şəxsin yaşını və onun cinayətə təşviq edildiyini nəzərə almayıb. Prokuror məhkəmədən yeniyetməni 10 il müddətinə həbs etməyi istəmişdi.
Təzəxan Mirələmli bildirib ki, məhkəmənin hökmündən Apellyasiya Məhkəməsinə şikayət veriləcək.