Müxalifət seçki pozuntularının kütləvi hal aldığını bildirib

Müxalifət seçki pozuntularının kütləvi hal aldığını bildirib

AXCP - Müsavat seçki bloku seçki pozuntuları ilə bağlı məhkəmələrə müraciət edib

Milli Məclisə seçkilər üzrə seçki kampaniyası, o cümlədən deputatlığa namizədlərin qeydiyyatı kütləvi və kobud qanun pozuntuları ilə müşaiyyət olunur. Bu bəyanat “AXCP - Müsavat” seçki blokunun liderləri Əli Kərimli və İsa Qəmbərin bu günki mətbuat konfransında dəfələrlə səslənib.

“Müsavat” başqanı İsa Qəmbər iqtidarı kütləvi qanun pozuntularına yol verməkdə ittiham edib. Onun fikrincə, seçkilərdə “AXCP - Müsavat” blokunun qələbəsindən çəkinən hakimiyyət total pozuntulara yol verir.

“Müsavat” başqanının dediyinə görə, “AXCP - Müsavat” blokunun bir çox nümayəndələrinin namizədliyi qeydiyyata alınmayıb. “Pozuntuların miqyası indidən seçkilərin legitimliyini şübhə altına almağa əsas verir”.

Cənab Qəmbər seçki pozuntuları ilə bağlı Avropa İnsan Haqları məhkəməsinə müraciət ediləcəyini də istisna etməyib.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının lideri Əli Kərimli bildirib ki, seçki komissiyaları “AXCP - Müsavat” blokunun namizədlərinin yarısını qeydiyyata almayıb. “Bu günə qədər 25 nəfər qeydiyyata alınıb, bir o qədər namizədin qeydiyyatından imtina edilib. Daha 41 nəfərin sənədlərinə baxılır. Hakimiyyət daha 6 nəfərin qeydiyyatından imtina etsə və artıq qeydiyyatından imtina olunanların şikayətlərini təmin etməsə, “AXCP - Müsavat” bloku televiziya və radioda pulsuz efir vaxtı əldə etmək hüququndan məhrum olacaq”.

Qanunvericiliyə əsasən, 61 dairədə namizədi qeydiyyata alınmış siyasi partiyalar və siyasi partiya bloklarının televiziya və radioda pulsuz təşviqat aparmaq, seçki komissiyalarına məşvərət səsi olan namizədlərini təyin etmək hüququna və bir sıra digər üstünlüklərə malikdir.

Cənab Kərimlinin sözlərinə görə, qanun pozuntuları seçki kampaniyasının ilk günündən başlayıb. “Müxalifət nümayəndələrinə imza vərəqələri məhdud sayda verilib, baxmayaraq ki, qanunda bununla bağlı hər-hansı limit yoxdur. Digər səciyyəvi pozuntu imza toplayan və imza verən şəxslərə təzyiq göstərilməsi olub”.

O Azərbaycanın beynəlxalq öhdəliklərinə zidd hərəkət etdiyini də diqqətə çatdırıb.

Seçki bloku oktyabrın 17-də mitinq keçirməyi planlaşdırır və hakimiyyətin icazə verib - verməməsindən asılı olmayaraq mitinqin keçiriləcəyi bəyan edilib.
Blokun liderləri kütləvi qanun pozuntularının davam edəcəyi və daha böyük miqyas alacağı təqdirdə seçkilərin boykot edilməsinin müzakirəsinin mümkünlüyünü də istisna etməyiblər.

Mərkəzi Seçki Komissiyası isə müxalifətin bəyanatlarının reallığı əks etdirmədiyini bildirib. MSK –nin mətbuat katibi Azər Sarıyev seçki kampaniyasının qanunvericiliyə uyğun olaraq davam etdiyini bildirib. OPnun sözlərinə görə, seçki prosesinin gedişində bütün şikayətlər araşdırılıb.
”Oktyabrın 12-dək 608 nəfərin deputatlığa namizədliyi qeydə alınıb. Namizədlər 22 siyasi partiyanı təmsil edir”- deyə o qeyd edib.