Müxalifət liderləri İran islam inqilabının ildönümü münasibəti ilə birgə bəyanatla çıxış edib

Müxalifət liderləri İran islam inqilabının ildönümü münasibəti ilə birgə bəyanatla çıxış edib

Mirhüseyn Musəvi, Mehdi Kərrubi və Haşimi Rəfsəncani İrandakı dini rejimi kəskin tənqid edib. Onların fikrincə, hakimiyyətdəkilər dindən səngər düzəldərək hakimiyyətlərini qorumağa çalışır. Amma, Misir təcrübəsi göstərir ki, narazı xalqın üsyanına heç bir pərdə və müttəfiq mane ola bilmir.

İran müxalifətinin liderləri Mirhüseyn Musəvi və Mehdi Kərrubi İran islam inqilabının ildönümü münasibətilə fevralın 8-də birgə bəyanatla çıxış edib.

Media forum saytının məlumatına görə, sənəddə ölkədə din adı altında şahlıq dövründəki zülmkarlıqların bərpa edildiyini bildirilir. “İrana hökmranlıq edən təbəqə öz mənafeyini qorumaq üçün dindən geniş şəkildə sui-istifadə edir. Ölkə konstitusiyasının xalqın hüququna dair hissəsi, 3-cü fəsli tamamilə kənara qoyulub. Hər şey ölkəyə hökmranlıq edənlərin mənafeyinə uyğunlaşdırılıb. Belə ki, onların şəxsi mənafeyinin qorunub saxlanması məqsədilə qüdrətə üzdəniraq müqəddəs və səmavi cilvə verilib”.

Müxalifət liderləri hesab edir ki, İranda hakim olan hazırkı siyasi şərait keçmiş şahlıq dövründən fərqlənmir. “Yeganə fərq varsa, o da hazırda hakimiyyətin irsi olmamasıdır. Hakimiyyətdəkilər dindən bir səngər düzəldib arxasında gizlənərək daima belə bir təbliğat aparırlar ki, guya onlar olmasalar din əldən gedəcək və bu bəhanə ilə cəmiyyətdəki dindar əhalini hakimiyyət ətrafında səfərbər etməyə çalışırlar. Halbuki cəmiyyətdəki dini inanclara və atmosferə ən böyük zərbəni vuran yeganə amil hakimiyyətin vətəndaşlara qarşı dinə zidd addımları, zülmkar rəftarıdır”.

Cənab Musəvi və cənab Kərrubi yaydıqları birgə bəyanatda ölkədə müsbət dəyişiklik yaratmaq üçün yalnız dinc mübarizə üsuluna üstünlük verdiklərini vurğulayıb.

Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun rəisi, Üləmalar Məclisinin rəhbəri ayətullah Haşimi Rəfsəncani isə internetdə yerləşdirdiyi yazıda Tunis və Misir qiyamlarından danışıb.

“Media forum” saytının məlumatına görə, Rəfsəncani deyib: “Tunis və Misir xalqlarının qaldırdığı üsyanların kökünü bu xalqların azadlıq və demokratiya uğrunda mübarizə ənənəsində axtarmaq lazımdır. Heç bir diktator, xarici qüdrətlərin geniş dəstəyindən nə qədər bəhrələnsə də, xalq hərəkatının qarşısını ala bilməz. Necə ki, İran şahı Məhəmməd Rza Pəhləvi o qədər iddiası və xarici himayədarı ilə xalqın mübarizəsinin qarşısında dayana bilmədi. Biz əminik ki, hazırkı üsyanlar bu iki ölkə ilə məhdudlaşmayacaq və hələ də istibdad altında idarə olunan ölkələrdə yaşayan xalqların iradəsi və göz yaşları tezliklə zülmü kökündən qazacaq dəhşətli selə çevriləcək”, - deyə o qeyd edib.