Müxalifət fəallarının məhkəməsində vəkil prosesdən kənarlaşdırılıb

Müxalifət fəallarının məhkəməsində vəkil prosesdən kənarlaşdırılıb

Elçin Namazov məhkəmədə qanun və hüquq normalarına uyğun olaraq müdafiə etdiyi şəxsin hüquqlarını qoruduğunu bildirib

Bu gün Nəsimi rayon məhkəməsində İctimai Palatanın 2 aprel aksiyası ilə bağlı həbs olunmuş dörd fəalın məhkəmə prosesinə sədrlik edən hakim Şahin Abdullayev gənc fəal Rüfət Hacıbəylinin vəkili Elçin Namazovun məhkəmədən kənarlaşdırılması haqqında qərar qəbul edib.

Vəkil Elçin Namazov bildirilib ki, hakim onun barəsində məhkəməyə hörmətsizlik ittihamı ilə cinayət işinin başlanması ilə əlaqədar prokurorluğa məlumat veriləcəyini deyib. Bundan başqa, onun Vəkillər Kollegiyasından uzaqlaşdırılması üçün bu quruma müraciət olunacaq.

Vəkil onun barəsində hansı cinayət işinin qaldırılacağının məlumatı olmadığını deyib. “Mən məhkəmədə Rüfət Hacıbəylinin

hüquqlarını müdafiə edirəm və bütün vəsatətlərim qanunvericiliyə, hüquq normalarına tam uyğundur. Hazırda müxalifət fəallarını müdafiə edən vəkillərə qarşı təzyiqlər var. Mənə qarşı hərəkətlər də bunun tərkib hissəsidir”, - deyə o qeyd edib.

Vəkil avqustun 25-də Vəkillər Koleguyasına çağrılaraq xəbərdarlıq da edilib. “Mənim fikrimcə, 2 aprel mitinqi zamanı həbs olunmuş şəxslərə vəkillik etdiyim üçün çağırılmışdım. Çünki bu məsələ ilə bağlı mənə bir neçə dəfə xəbərdarlıq edilib. Xəbərdarlığın motivi isə ondan ibarət idi ki, guya mən məhkəmə hakimin tələblərinə məhəl qoymuram”.

Xatırladaq ki, bundan öncə də Vəkillər Kollegiyası bir neçə vəkilin kollegiya üzvlüyündən kənarlaşdırılması ilə bağlı qərar çıxarıb.