Mustafa Cəmil Krımoğlu: Ukraynanı dəstəklədiyinə görə Azərbaycana təşəkkür edirəm

Your browser doesn’t support HTML5

Krım tatarlarının lideri Mustafa Cəmilov Rusiyanın ilhaq etdiyi Krım yarımadasına BMT-nin sülhümühafizə qüvvələrinin göndərilməsini istəyib. Hazırda ABŞ-da səfərdə olan Mustafa Cəmilov Amerikanın Səsində olub və Krımda vəziyyəti şərh edib.


Dilşad Əliyarlı: Mustafa bəy, artıq bir neçə gündür Amerika Birləşmiş Ştatlarında səfərdəsiniz, Nyu-Yorkda olmusunuz, BMT-də çıxış etmisiniz. Hazırda Vaşinqtonda görüşlər keçirirsiniz. Amerikaya səfərinizin məqsədi nədir? Amerika Birləşmiş Ştatlarına hansı mesajla gəlmisiniz?

Mustafa Cəmil Krımoğlu:Biz bura BMT-nin Təhlükəsizlik Şurasının dəvəti əsasında gəlmişik. Ukraynada hadisələrdən sonra bilirsiniz çox şeylər dəyişdi, torpağımız Rusiya tərəfindən işğal edildi. Onlar bizim gələcəyimizin nə olacağını, bizim davranışımızın, məsələ ilə bağlı baxışlarımızın, istəklərimiz və gözləntilərimizin nədən ibarət olacağını bilmək istəyirlər. Bu məsələləri Təhlükəsizlik Şurasının qapalı iclasında müzakirə etdik. Fikirlərimizi söylədik. Gözləntilərimiz çoxdur, çünki məlum olduğu kimi, 1994-cü ildə Budapeşt protokolu imzalanmışdı və bu protokola görə biz Ukrayna dövləti olaraq nüvə silahlarından imtina etməli idik və böyük ölkələr, Amerika Birləşmiş Ştatları, İngiltərə və Rusiya bizim müstəqilliyimizi, ölkəmizin bütövlüyünü qorumalı idi.

Dilşad Əliyarlı: Mustafa bəy, Rusiyanın Krımı ilhaq etməsindən sonra Krım tatarlarının mövqeyi nədən ibarətdir?

Mustafa Cəmil Krımoğlu: Müxtəlif sosioloji araşdırmalara görə, fərqli rəqəmlər göstərilir. Məsələn, şovinist rus qruplar var, onların fikirlərinə və araşdırmalarına görə, orada yaşayan rusların əksəriyyəti Rusiya ilə birləşmə tərəfdarıdır. Etnik ukraynalılar və Krım tatarları təbii ki bunu qəbul etmirlər, öz gələcəklərini Ukrayna dövlətinin daxilində görürlər. Onlar tamamilə bu işğala qarşıdır. Amma qarşımızda böyük güc var. Ukrayna bizim haqlarımızı, öz bütövlüyünü qoruya bilmir. Biz də həm Krım tatatları, həm də Ukrayna vətəndaşları kimi öz ölkəmizə, dövlətimizə kömək etməyə çalışırıq. Bütün sağlam qüvvələr, demokratik qüvvələr, Qərb ölkələrini bu məsələnin həlli üçün səfərbər etməyə çalışırıq. Amma yalnız Qərb ölkələri deyil. Sabah Səudiyyə Ərəbistanına səfər edəcəyik, sonra isə İslam Əməkdaşlıq Təşkilatında görüşümüz olacaq. Çünki çox narahatıq. BMT-nin Baş Assambleyasında Ukraynaya dair səsvermə keçiriləndə 48 müsəlman ölkəsindən 32-i bitərəf qaldı, bir-iki ölkə isə Rusiyanı dəstəklədi. Müstəqil Dövlətlər Birliyində olan Qazaxıstan, Qırığızıstan kimi ölkələr. Buna görə məsələyə daha çox diqqət yetirilməsi üçün onun əsasında nəyin durduğunu anlatmaq üçün təşkilatın sədri ilə görüşəcəyik.

Dilşad Əliyarlı: Mustafa bəy, Krım tatarlarının hazırkı durumu ilə bağlı nə deyə bilərsiniz, onları taleyi nə olacaq?

Mustafa Cəmil Krımoğlu: Xalqın arasında böyük narahatlıq var. Böyük əksəriyyət Ukrayna vətəndaşlığından imtina etmək fikrində deyil. Rusiya vətəndaşlığını qəbul etmək istəkləri yoxdur. Lakin onlar elə bir vəziyyətə salınıblar ki, aprelin 18-dən sonra orada yaşayan insanların hamısı avtomatik olaraq Rusiya vətəndaşı kimi qəbul ediləcək və onlara məcburən pasportlar veriləcək. Pasport almayan, Ukrayna vətəndaşlığını saxlamaq istəyən insanlar ayrıca petisiya yaza bilərlər.

Dilşad Əliyarlı: Mustafa bəy, siz Krıma BMT-nin sülhümühafizə qüvvələrinin göndərilməsini istəmisiniz. Sizcə vəziyyətdən çıxış yolu nədir, nə etmək olar?

Mustafa Cəmil Krımoğlu: Bəli, biz bunu istərdik. Amma bunun nə qədər çətin olduğunu bilirik. Bu kimi qərarlar Təhlükəsizlik Şurasında verilə bilər, amma orada Rusiyanın veto hüququ var və əlbəttə ki buna imkan verməyəcəklər. Amma məsələni Baş Assambleyaya da çıxarmaq mümkündür. Hər halda beynəlxalq ictimaiyyətin Krım yarımadasında insan haqlarının nə durumda olduğu məsələsindən xəbəri olacaq. İkinci yol da var, bu da NATO qüvvələrinin Kosovoda olduğu kimi müdaxiləsi. Amma dünya təcrübəsi onu göstərir ki, bu kimi əməliyyatlar əsas etibarilə çox qan töküldükdən sonra olur. Biz istəyirdik ki, belə əməliyyatlar bizim qanımız tökülməmişdən əvvəl baş versin. Amma aydın oldu ki, belə tədbirlər görülməyəcək.

Dilşad Əliyarlı:Mustafa bəy, müsahibəyə görə sizə təşəkkür edirəm.

Mustafa Cəmil Krımoğlu: Mən də təşəkkür edirəm. Həm də Azərbaycan dövlətinin Baş Assambleyada Ukraynanı dəstəklədiyinə görə sizin ölkənizə təşəkkürümü bildirmək istəyirəm.