Zaur Qurbanlı: ''Trampın Səudiyyə Ərəbistanına səfəri ideoloji xəttin davamıdır.'

Hazırda Qlazqo Universitetində təhsil alan hüquqşünas ABŞ prezidentinin Yaxın Şərqə səfərini dəyərləndirib

ABŞ Prezidenti Donald Tramp ilk xarici səfərini Səudiyiyə Ərəbistanına edib. Paytaxt Ər-Riyadda Kral Əbdüləziz mərkəzində keçirilən Ərəb-İslam-Amerika sammitində nitq söyləyən Prezident Tramp müsəlman dünyasını terrorizmə qarşı mübarizədə birliyə çağırıb. O, bu mübarizəni "xeyir və şər arasında mübarizə" adlandırıb.

Prezident Trampın Səudiyyə Ərəbistanına səfərinə münasibət bildirən Qlazqo Universitetinin tələbəsi, hüquqşunas Zaur Qurbanlı hesab edir ki, Tramp hazırda dünyada güclənməkdə olan populizmin hakimiyyətə gətirdiyi siyasi xadimdir. Sağçı populizm ABŞ-dan başqa Rusiyada, Türkiyədə, Britaniyada, Polşada, Macarıstanda siyasi arenada dominant mövqedədir. Səudiyyə Ərəbistanı isə tarixən mühafizəkar, aşırı dindar siyasət yürüdüb. Ona görə də bu son populist dalğanın qalib gəldiyi ölkələrdən hansı biri ilə Səudiyyə Ərəbistanının yaxınlaşması təbii hadisədir.

Ənənəvi olaraq ABŞ prezidentləri ya demokratik, ya da demokratiya sahəsində ciddi irəliləyiş əldə etmiş (məsələn, Myanmar, Gürcüstan) ölkələrə gedirdilər.

Zaur Qurbanlı belə hesab edir ki,bir müddət əvvəl Əsədə qarşı Tomohavk raketləri ilə hücum, Əfqanıstana “adlı-sanlı” MOAB atılması, ABŞ-da Trampın azalan nüfuzunu bərpa etmək üçün atılan addımlar idi. Amma bu addımlar nə uğurlu, nə də davamlı ola bildi.

''Tramp öz ideoloji müttəfiqi Putinlə qarşıdurmaya getmək istəmədi. Ona görə də cavab olaraq Əsəd höküməti Suriyada ABŞ-ın müttəfiqi olan kürd yaraqlılarının mübarizəsini legitim adlandırdı. Trampın Səudiyyəyə səfəri də bu ideoloji xəttin davamıdır.''

Trampın özü də bildirdi ki, o, bütün bu hərbi əməliyatları yalnız ABŞ sakinlərinin təhlükəsizliyi üçün edir.

Zaur Qurbanlı onu da əlavə edib ki, əslində Ər-Riyadda çıxışı zamanı Trampın özü də bildirdi ki, o, bütün bu hərbi əməliyatları, əməkdaşlıqları yalnız və yalnız ABŞ sakinlərinin təhlükəsizliyi üçün edir. Ona maraqlı deyil ki, başqa xalqlar özlərini necə idarə edir. Səudiyyə Ərəbistanı kimi varlı və despotik dövlətə də elə belə mövqe lazımdır. O ki, qaldı nitqindəki seçkiqabağı tərzlə indikinin fərqli olmasına, bu elə belə də olmalı idi. Seçkiqabağı tərz seçilmək üçün idi, amma indi ideyalarını həyata keçirmək üçün.

Trampın bu səfərinin ABŞ-la müsəlman ölkələri arasındakı münasibətlərin gələcəyinə təsiri barəsində şərh verən hüquqşunas bildirib ki, ABŞ və islam ölkələri arasında əlaqə dedikdə, bunları fərqləndirmək lazımdır. Söhbət şiələrdən, yaxud sünnilərdən gedir? Hazırda İslam dünyasında kəskin cəbhələşmə var. İran Yəməndə və Suriyada şiələr tərəfində döyüşür, Səudiyyə isə sünnilərin ittifaqını yaradıb, Yəmənin sünni hökumətini müdafiə edir. Bu qədər kəskin qütbləşmə şəraitində Trampın sünniləri müdafiə etməsi ABŞ-ın nüfuzunu sarsıdır.

''Ənənəvi olaraq ABŞ prezidentləri ya demokratik, ya da demokratiya sahəsində ciddi irəliləyiş əldə etmiş (məsələn, Myanmar, Gürcüstan) ölkələrə gedirdilər. ABŞ prezidentinin səfəri hər zaman üçüncü dünya dövlətləri üçün ciddi tarixi hadisə sayılıb. Amma Tramp qadınların kişilərdən fərqli canlı növü sayıldığı, üzərində Yəməndə, Suriyada terrorçuları dəstəklədiyi barədə ciddi itthamların olduğu Səudiyyə Ərəbistanına gedir və elan edir ki, onu ABŞ vətəndaşlarının təhlükəsizliyindən başqa heç nə maraqlandırmır.''

Trump öz stilinə sadiq olaraq İslam barədə radikal sözləri istifadə etməməklə milyonlarla adamın ürəyini fəth edəcəyini düşünür.

Zaur Qurbanlı qeyd edib ki, müsəlmanların Amerikanı, Qərbi bu qədər söyməsinə baxmayaraq, onlar xilası Qərbdən gözləyirlər və ya xilas olunmaq üçün Qərb ölkələrinə axışırlar. Ona görə də Trampın bu açıqlamalarının ABŞ-ın İslam dünyasında nüfuzunu qaldırmayacaq, əksinə onun yaratdığı ümidsizliyin digər populist cərəyanlara – ifrat sola, dini ekstremizmə daha çox şərait yaradacaq.

Tramp bir çox ölkə ilə, eləcə də Obama administrasiyasının insan haqlarına görə satışını dayandırığı Bəhreynlə də hərbi təchizat satışını yenidən bərpa etməsinə münasibət bildirən hüquqşunas deyib ki, Tramp sünnilərin, Rusiya isə şiələrin tərəfində döyüşürlər və onların heç biri üçün tərəfini tutduqları qüvvələrin demokratik və ya terrorçu olub-olmaması fərq eləmir.

ABŞ və Avropanın sosial-demokratları, liberalları toparlanaraq, idarəni öz əllərinə almasalar, Yaxın Şərqdə daha böyük müharibələr, Avropada isə yeni “Orbanlar”, “LePen”lər qaçılmaz olacaq.

''Bu proses ərəb ölkələrini 1950-53-ün Koreyası olmağa aparır. Amma bu dəfə miqyas dəhşətlidir – yüz milyonlarla insan. Bu məsələdə qurbanlardan biri də Avropadır. Onlar Avropa Birliyinin saxlanması uğrunda mübarizə apardıqları müddətdə ABŞ və Rusiyanın Yaxın Şərqdəki döyüşləri Avropaya milyonlarla qaçqın göndərəcək. Bu qədər qaçqının gəlməsi isə ifrat sağın güclənməsi, nəticədə Putinin və Trampın dostlarının hakimiyyətə gəlmə şanslarının artması deməkdir.''