Aprelin 5-də Müsavat Partiyasının Gənclər Təşkilatının idarə heyətinin üzvü Əziz Məmiyev Bakıda Azərbaycan Daxili İşlər Nazirliyinin binası qarşısında etiraz aksiyası keçirib.
Bu barədə Müsavat partiyası aprelin 5-də məlumat yayıb.
“Müsavat Gənclər Təşkilatının idarə heyətinin üzvü Əziz Məmiyev Daxili İşlər Nazirliyinin qarşısında saxlanılıb. Əziz Məmiyev uzun müddətdir güc strukturları tərəfindən təqibə məruz qaldığı, son günlər isə ölümlə hədələndiyi üçün problemini ictimailəşdirmək, dinc şəkildə DİN qarşısında problemlərini dilə gətirmək üçün təkadamlıq aksiya keçirmək istəyib” - deyə, məlumatda bildirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Kütləvi informasiya vasitələri və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev yerli “Turan” informasiya agentliyinə deyib ki, Əziz Məmiyev sərbəst buraxılıb.
“Onu narahat edən məsələlərlə bağlı ərizələr alınıb. Özü barəsində isə hər hansı inzibati icraat tətbiq olunmayıb”, o bildirib.
Xatırlatma
Amnesty International hüquq-müdafiə təşkilatının açıqladığı illik hesabatında qeyd edir ki, Azərbaycan hökuməti onu tənqid edənlərə qarşı təqib və təzyiqlər davam edib.
Təşkilat qeyd edir ki, dinc etiraz aksiyaları zorakılıqla dağıdılıb. Əsassız məhdudiyyətlər insan hüquqları müdafiəçilərinin və QHT-lərin işini ləngitməkdə davam edir.
Gender zəminində zorakılıq, işgəncə və digər pis rəftar halları geniş şəkildə yayılmış olaraq qalır.
Azərbaycan hakimiyyəti hələlik bu hesabatda qeyd edilənlərə münasibət bildirməyib. Amerikanın Səsinin bununla bağlı Ədliyyə Nazirliyindən hələlik şərh almaq cəhdi baş tutmayıb. Ancaq indiyədək hökumət beynəlxalq təşkilatların bu kimi tənqidlərini rədd edib. Hakimiyyət təmsilçiləri ölkədə bütün təməl hüquq və azadlıqların tam təmin olunduğunu bildirib.