Müsavat Partiyasının qərargahında axtarış aparılıb

Müsavat Partiyasının qərargahında axtarış aparılıb

Müsavat Partiyasının başqanı müxalifətin dinc aksiyası ilə bağlı qaldırılan cinayət işini İctimai Palataya və demokratik qüvvələrə qarşı repressiya siyasətinin davam kimi qiymətləndirib. “Bu axtarış da həmin repressiyanın tərkib hissəsi kimi qiymətləndirilməlidir”.

Aprelin 26-da Bakı Şəhər Baş Polis İdarəsinin və Bakı Şəhər Prokurorluğunun dörd əməkdaşı Müsavat Partiyasının qərargahına gəlib və İctimai Palatanın Koordinasiya Şurasının sənədlərini tələb edib.

Ictimai Palatanın üzvü Gülağa Aslanlının sözlərinə görə, polis və prokurorluğun nümayəndələri həmçinin Müsavat Partiyasının rəhbərliyi ilə görüşmək istədiklərini deyib.

Respublika Prokurorluğunun mətbuat katibi Eldar Sultanov deyib ki, Müsavat Partiyasının qərargahında aparılan axtarış tədbirləri aprelin 2-də İctimai Palatanın keçirdiyi razılaşdırılmamış aksiya ilə əlaqədar başlanmış cinayət işi üzrə məhkəmənin müvafiq qərarı əsasında həyata keçirilib.

Müsavat Partiyasının başqanı İsa Qəmbər “Media forum” saytı na bildirib ki, axtarışı Bakı şəhər prokurorunun təqdimatı ilə Bakı şəhər prokurorunun müavini, İctimai Palatanın aprelin 2-də paytaxtda keçirdiyi mitinq üzrə başlanmış cinayət işinin istintaqını aparan qrupun rəhbəri Fazil Həsənəliyev Səbail Rayon Məhkəməsinə vəsatətlə müraciət edib. “Bu vəsatətə Səbail Rayon Məhkəməsinin hakimi Elnur Həsənov baxıb və qərar verib. Qərarda deyilir ki, istintaqla müəyyən olunub ki, Müsavat Partiyasının yerləşdiyi qərargahda İctimai Palatanın iclasları keçirilib, həmin iclaslarda palata üzvləri Bakı şəhərində qanunsuz aksiyaların keçirilməsi ilə bağlı qərarlar qəbul edib və bunun da nəticəsi olaraq cinayət əməlləri törədilib. Axtarışı aparanlar İctimai Palatanın sənədləri, palatanın təsis siyahısı, sessiyalarda qəbul olunan qərarlar və bəyanatlarla maraqlanırdılar. Biz hüquq mühafizə orqanlarının əməkdaşlarını maraqlandıran sənədləri onlara təqdim etdik. Əlimizdə olan bütün sənədləri vermişik. Lakin görünür ki, bu, onlara kifayət etmədi. İndi müxtəlif otaqlarda sənədlər axtarırlar”.
Onun fikrincə, siyasi hakimiyyətin sifarişi ilə İctimai Palatanın 2 aprel mitinqi ilə bağlı qondarma bir cinayət işi açılıb. “Axtarış bu cinayət işi ilə bağlıdır. İctimai Palata aprelin 2-də dinc aksiya keçirib, orada iştirak edən insanların fəaliyyətində heç bir cinayət tərkibi yoxdur. Aksiyanın qarşısını qeyri-qanunu metodlarla alan hakimiyyət dairələri qondarma cinayət işi qaldıraraq İctimai Palataya və demokratik qüvvələrə qarşı repressiya siyasətini davam etdirirlər. Bu axtarış da həmin repressiyanın tərkib hissəsi kimi qiymətləndirilməlidir”.
“Bu axtarışdan sonra 2 aprel mitinqi ilə bağlı başlanan cinayət işinə yeni maddələr əlavə oluna bilərmi” sualına Müsavat başqanı belə cavab verib: “Əgər söhbət hüquq və qanundan gedirsə, cinayət işinə yeni maddənin əlavə olunması mümkün deyil. Bunu güman etmək belə absurddur. Çünki İctimai Palatanın qərarları dinc aksiyaların keçirilməsi haqda olub. Əgər söhbət indiki rejimdən gedirsə, ən absurd qərarların qəbul olunmasını da istisna etmək olmaz. Cinayət işi qondarmadır. Qondarma cinayət işində heç bir arqument, əsas yoxdur. Ona görə də Müsavat qərargahında axtarış aparmaqla guya ciddi istintaq, araşdırma apardıqlarına dair görüntü yaradırlar. Bu axtarış cəmiyyətə, demokratik qüvvələrə təzyiq vasitəsidir”.