Musa Bərzin: Urmiyə Gölü ilə bağlı həbslər qanunsuzdur [Audio]

2011-ci ilin avqust ayında, İran Parlamenti Azərbaycanlı deputatların Urmiyə Gölünü xilas etmək üçün parlamentə təqdim etdikləri layihəni rədd etdiktən sonra başlanan kütləvi etirazlar nəticəsində Təbriz və Urmiyə şəhərlərində həbs dalğası başlandı. Həbslərin çoxu etiraz aksiyaları əsnasında və ondan sonra şəhər küçələrində həyata keçirilsə də, 29 azərbaycanlı fəal etirazlardan neçə gün öncə, Təbrizin Qumtəpə məhəlləsində qonaq olduqları bir evdə tutuldular. Həmin vaxt həbs olunmuş və sonradan ölkəni tərk etməyə nail olan Musa Bərzin Xəlifəli Amerikanın Səsinə danışıb.

Your browser doesn’t support HTML5

Musa Bərzin Urmu məhbusları haqda danışır


Urmiyə Gölünün quruması ilə bağlı toplantı keçirmiş məhbuslar milli təhlükəsizliyə qarşı aksiyalar planlaşdırmaqda ittiham olunublar. Bir neçə aydan sonra, Qumtəpə görüşündə tutulanların hamısı ağır cərimələr qarşılığında müvəqqəti olaraq azadlığa buraxılsalar da, onların məhkəməsi davam etdi və bəzilərinə uzun müddətli həbs cəzaları verilib. Son günlərdə həbs hökmü alanlardan Həsən Ərk, Əziz Purvəli, Mehdi Həmidi Şəfiq və Əhməd Riyazı cəza çəkmək üçün Təbriz zindanına göndəriliblər.

Musa Bərzin Xəlifəli

​Təqribən üç aydır Türkiyədə qaçqın həyatı yaşayan azərbaycanlı vəkil, Musa Bərzin Xəlifəli də vaxtikən Qumtəpə görüşündə tutulmuş 29 Azərbaycanlıdan biridir. Musa Bərzin Amerikanın Səsi ilə müsahibəsində həmin həbslərlə əlaqəli tutulma günündən məhkəmə və hökümlərin icrasına qədər bütün proseslərin qanunsuz şəkildə həyata keçirildiyinə inandığını bildirir.

Son illərdə vəkil qismində bir çox azərbaycanlı fəalı məhkəmələrdə müdafiə edən Musa Bərzin deyir ki, təhlükəsizlik məmurları fəalları tutduqları zaman güc tətbiq edib və məhkəmə əmri göstərməyiblər. Vəkil Bərzin həmçinin tutulanların tək-kameralı otaqlarda saxlandıqları və dindirmə zamanı gözlərinin bağlı olduqlarını deyib. O, mövcud praktikanın təkcə İran qanunlarına deyil, habelə beynəlxalq hüquq normalarına zidd olduğunu qeyd edib.

Musa Bərzinin dediyinə görə, Qumtəpə görüşündə Urmiyə Gölünün quruması və çevrə fəlakətinin qarşını almaq yolları haqqında danışılıb. O, əlavə edib ki, insanları, mənfi məqsədlərlə olsa belə, sadəcə danışmaq üstündə həbs edib məhkəməyə cəlb etmək qanuni deyil.