Misir prezidenti Məhəmməd Mursi müxalifəti dialoqa səsləyib

Misir prezidenti Məhəmməd Mursi müxalifəti dialoqa səsləyib. Televiziya ilə müraciəti zamanı cənab Mursi deyib ki, hökumət və müxalifət əməkdaşlıq yolu ilə Misirin iqtisadi problemlərini həll etməlidir. O, sabiq hökumətin səhvlərinin düzəldilməsi kimi bir məsuliyyət daşıdığını deyib.

Misir parlamentinin yuxarı palatası yeni konstitusiyanın qüvvəyə minməsindən sonra ilk sessiyasını keçirib. Şurada bu gün prezident Mursinin təyin etdiyi 90 yeni nümayəndənin andiçmə mərasimi təşkil edilib. Yuxarı palata gələn iki ay ərzində aşağı palataya seçkilər gününü müəyyən etməlidir.

Misir prezidenti Məhəmməd Mursi ölkənin yeni, mübahisəli konstitusiyasının qüvvəyə minməsinə dair fərman imzalayıb. Yeni konstitusiya parlamentin aşağı palatasına seçkilərin iki ay ərzində keçirilməsinə yol açır.

Cənab Mursi qanunu dünən axşam, mərkəzi seçki komitəsi seçicilərin təxminən 64 faizinin konstitutsiyaya dəstək verdiyini açıqlamasından sonra imzalayıb.

Lakin seçkilərin nəticələrindən qəzəblənmiş nümayişçilər Qahirədə küçələrə çıxaraq təkərlər yandırıb, tıxaclar yaradıblar.

Liberal və dünyəviçilərdən ibarət müxalifət qruplar İslamçıların təşviq etdikləri konstitusiyanın təsdiqlənməsində onların maraqlarının nəzərə alınmadığını deyirlər.

Yeni konstitutsiyanın əleyhdarları sənədin qadın haqlarını pozduğunu iddia edir. Müxalifət liderləri qanuna qarşı mübarizəni davam etdirəcəklərini deyirlər.