Robert Muqabe parlamentin onun 40 illik hakimiyyətinə son qoymaq üçün impiçment prosesinə başlamasından sonra Zimbabve prezidenti kimi vəzifəsindən istefa verib.
93 yaşlı Muqabe ordunun hakimiyyəti ələ almasından və onun özünün mənsub olduğu ZANU-PF partiyasının istefa çağırışlarından bir həftə sonra hələ də hakimiyyətdə qalmaqda davam edirdi.
Parlamentin spikeri Ceykob Mudendanın Muqabenin istafa verməsini və impiçment prosesinin dayandırıldığını elan etməsi böyük sevinclə qarşılanıb.
Muqabenin qəfil süqutunun əsas səbəbi onun hakimiyyətinə qarşı ümumxalq etirazı ilə deyil, onu hakimyyətdə əvəz edəcək iqtidar nümayəndələri arasında rəqabətlə bağlıdır.
Ordu hakimiyyəti Muqabenin ZANU-PF partiyasının favoriti olan Emmanuel Mnanqaqvanı vəzifəsindən kənarlaşdırmasından sonra ələ keçirib. Bununla Muqabenin lüks dizayner geyimlərinə aludəçiliyinə görə “Gucci Grace” ləqəbi almış 52 yaşlı xanımı Qreysin hakimiyyətə gəlməsinə yol açmaq istədiyi bildirilirdi.
“Timsah” ləqəbi ilə tanınan keçmiş təhlükəsizlik qüvvələrinn rəhbəri olan Mnanqaqvanın prezident kimi hakimiyyətə gələcəyi gözlənilir.