Tofiq Zülfüqarov: Ermənistan elitası konfliktə aid siyasi leksikonunu daha da sərtləşdirir [Video-müsahibə]

Your browser doesn’t support HTML5

Tofiq Zülfüqarov: Ermənistan elitası konfliktə aid siyasi leksikonunu daha da sərtləşdirir

Keçmiş xarici işlər naziri Amerikanın Səsinə müsahibəsində Dağlıq Qarabağ danışıqlarından danışıb

Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Amerikanın Səsinə müsahibəsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqların yekunlarından danışıb.

Amerikanın Səsi: Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Krakov görüşünün nəticələri münaqişənin nizamlanmasına təkan verə bilərmi?

Real danışıqların getməsi mümkün deyil.

Tofiq Zülfüqarov: Demək çətindir. Bizə çatan məlumat ondan ibarətdir ki, yeganə nəticə odur ki, müşahidəçilərin sayı 7 nəfər artacaq. Onlar Anjey Kaspşikin (ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi-red.) missiyası çərçivəsində fəaliyyət göstərəcəklər. Bu addım hələ danışıqlardan elə bir məlumat vermir. Çünki biz gözləyirik ki, substantiv, yəni əsas mövzulara aid real danışıqlar başlasın. Doğrusu, bu görüşün nəticələrinə pessimist yanaşıram. Çünki hiss olunur ki, Ermənistanın elitası konfliktə aid öz siyasi leksikonunu daha da sərtləşdirir. Bu baxımdan bu fonda real danışıqların getməsi, hesab edirəm ki, mümkün deyil.

Amerikanın Səsi: Rusiyalı həmsədr İqor Popov bildirib ki, Krakov görüşündə nazirlər vasitəçilər tərəfindən hazırlanan əlavə yeddi müşahidəçinin fəaliyyətini müəyyən edən sənədlərə prinsipial razılıq veriblər. Müşahidə missiyası müşahidələrini Azərbaycan və Ermənistanın beynəlxalq ictimaiyyəti tərəfindən tanınan sərhədlərində, yoxsa təmas xəttində aparacaq? Bunun mexanizmi necə olacaq, səmərəliliyi nə olacaq?

Pessimist əhval-ruhiyyə üçün əsas verən ikinci məsələ ondan ibarətdir ki, beynəlxalq ictimaiyyət də Ermənistana heç bir təzyiq göstərmir. Əgər bu, baş verməsə təbii ki, danışıqlarda irəliləyiş mümkün deyil.

Tofiq Zülfüqarov: Mən belə başa düşdüm ki, söhbət təzə mandatdan getmir. Mandat onların səlahiyyətlərini və vəzifələrini nəzərdə tutan bir sənəddir. 20 il əvvəl qəbul olunmuş mandatın əsasında sadəcə olaraq, işçilərin sayı artacaq. Təbii, onlar müşahidəni təkcə sərhədlərdə, təmas xəttində yox, həm də iki dövlətin ərazisində aparacaqlar. Bu baxımdan onlar elə bir mənbə idilər ki, icraçı sədrə regiondakı vəziyyəti məruzə edirlər. Yəni, onların vəzifəsi bundan ibarətdir. Yenə də deyirəm, söhbət təzə mandatdan getmir. Sadəcə olaraq, dəstək ondan ibarətdir ki, 20 il qabaq qəbul olunmuş mandata uyğun olaraq yeni işçilər götürülüb. Ermənilər də bunu saymır. Azərbaycanda buna texniki bir addım kimi baxırlar. Əsas məsələ ondan ibarətdir ki, real danışıqlar başlayacaq, ya yox. Mən dediyim kimi, Ermənistanın mövqeyi optimizm üçün şərait yaratmır. Pessimist əhval-ruhiyyə üçün əsas verən ikinci məsələ ondan ibarətdir ki, beynəlxalq ictimaiyyət də Ermənistana heç bir təzyiq göstərmir. Əgər bu, baş verməsə təbii ki, danışıqlarda irəliləyiş mümkün deyil.

Amerikanın Səsi: Azərbaycanın xarici işlər naziri Krakov görüşündən sonra bildirib ki, həmsədrlərin kreativ təklifləri var. Sizcə, kreativ təkliflər nə ola bilər?

Tofiq Zülfüqarov: Onu demək çətindir. Mən də gözəl və hərdənbir xarici sözlərin tərəfdarıyam. Amma kreativ nədən ibarətdir, demək çətindir. Çünki dediyim şəraitdə real danışıqlar mümkün deyil. İkincisi də təzə fikirlər mümkün deyil. Çünki variantların hamısı 25 ilin ərzində müzakirə olunub. Onların təzə konfiqurasiyası da mümkün deyil. Çünki onların konfiqurasiyası da müzakirə olunur. Bilmirəm, hesab edirəm ki, nazir təbii ki, optimist görünür. Amma inanmaq istərdim ki, bu optimizmin hansısa əsasları var.

Amerikanın Səsi: Son zamanlar yenidən münaqişənin mərhələli həlli ilə bağlı fikirlər səslənir. Sizcə, danışıqlarda 2007-ci ildən müzakirə olunan Madrid prinsipləri qüvvədən düşüb? Elə isə münaqişənin mərhələli həlli nə deməkdir?

Addımların icrası müxtəlif vaxtlarda baş verirsə, deməli mərhələli üslubdur.

Tofiq Zülfüqarov: Biz başa düşməliyik ki, paket variantı mümkün deyil. Yəni, həmsədrlər vaxtilə tərəflərə paket variantı təklif edəndə orada belə bir ifadə var ki, addımların icrası müxtəlif vaxtlarda baş verəcək. Addımların icrası müxtəlif vaxtlarda baş verirsə, deməli mərhələli üslubdur. Ümumiyyətlə, həmsədrlər vaxtilə paket variantı ilə bağlı deyirdilər ki, ona görə belə ad verilib ki, Ermənistan tərəfi öz ictimaiyyətinə məsələni daha əlverişli şəkildə təqdim edə bilsin. Əslində paket variantı mümkün deyil, yəni fiziki baxımdan mümkün deyil. Hamı başa düşür ki, mərhələli variant yeganə variantdır ki, məsələni addım və addım həll edə bilək. Əgər tərəflərin buna iradəsi olarsa. Təbii ki, Azərbaycanın iradəsi var. Biz istəyirik ki, məsələ həll olunsun, bizim qaçqınlarımız qayıtsın. Amma Ermənistan bunun tərəfdarı deyil.