Avropa Məhkəməsi Dilqəm Əsgərov və Şahbaz Quliyevin şikayəti üzrə kommunikasiyaya başlayıb

Dilqəm Əsgərov və Şahbaz Quliyev məhkəmədə

Avropa İnsan Hüquqları Məhkəməsi Firuzə Əsgərova və Albina Veselyova Ermənistana qarşı iş üzrə kommunikasiyaya başlayıb. Bu şəxslər 2014-cü ildə ermənilərin nəzarəti altında olan Azərbaycanın Kəlbəcər rayonunda erməni silahlı qüvvələri tərəfindən əsir götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevin həyat yoldaşlarıdır. Bu barədə vəkil Fariz Namazlı Facebook səhifəsində məlumat yayıb.

Avropa Məhkəməsi Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsi (tutularkən, saxlanıldığı dövrdə, mühakimə olunan zaman qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmaq), 5.2 (tutularkən başa düşdüyü dildə həbsinin izah olunması), 5.3 (qanunla yaradılmış səlahiyyətli məhkəmə qarşısına çıxarılma), 5.4 (həbsin qanunsuzluğunu mübahisələndirmək üçün effektiv vasitəyə malik olmaq), 6.1 (ədalətli və açıq məhkəmə araşdırması hüququ), 6.2 (dövlət qurumlarının onlar barəsində yaydığı bəyanatların təqsirlsizlik prezumpsiyası hüqqunu pozması), 6.3 a bəndi (ittihamların başa düşüldüyü dildə elan edilməsi), 6.3 b bəndi (müdafiə üçün lazımi vaxt və imkana malik olmaq), 6.3 c bəndi (effektiv müdafiəyə malik olmaq), 6.3 e bəndi (tərcüməçinin köməyindən istifadə etmək), 8 (doğma torpaqlarını ziyarət etmək ilə şəxsi və ailə həyatına hörmət hüququnun pozuntusu), 4 saylı protokolun 2-ci maddəsi (tanınmamış sərhədin qanunsuz keçməyə görə ittiham olunmaların hərəkət etmək azadlığını pozması), bu sərhəd keçmənin 7-ci maddəyə görə cinayət əməli hesab edilib-edilməməsi, 13-cü maddə (effektiv müdafiə vasitələrinə malik olmaq), 14 (etnik və ya milli ayrı seçkiliyə məruz qalmaq) maddələrinin pozuntusunun olub-olmaması ilə bağlı Ermənistan hökümətinə suallar ünvanlayıb.

Ərizəçilərin hüquqlarını Anar Bağırov müdafiə edir.

Məhkəmə həmçinin hökümətdən Dilqəm Əsgərov və Şahbaz Quliyevin sağlamlıq durumu ilə bağlı sənədlərin təqdim edilməsini tələb edib.