Mumbayın kasıb sakinləri milyonerə çevrilir

Bloomberg Businessweek məcmuəsinin yaydığı məlumata əsasən Hindistanın maliyyə mərkəzi sayılan Mumbayda minlərlə kirayənişin varlı şirkətlər tərəfindən onlara ödənilən təzminat sayəsində milyonerə çevrilirlər.

Orbit və başqa şirkətlər varlılar üçün lüks villalar tikmək məqsədi ilə şəhərin gözəgəlimli yerlərində köhnə binaları sökürlər. Bunun müqabilində indiyədək aylıq onlarla dollar gəliri olan kasıb ailələrə külli miqdarda pul verilir.

78 yaşlı Mea Kadvani uşaqlıqdan Mukun İmarətində kiçik bir mənzildə yaşayıb. Hindistanın xüsusi qanunlarına əsasən o, onillər boyu ayda 20 dollar kirayə haqqı ödəyib. Orbit şirkəti ilə üç illik danışıqlardan sonra ailəsi ilə birlikdə o, bu mənzili tərk edir. Təzminat? 2.5 milyon dollar!

Şirkət ailəyə yaxınlıqda inşa edilən Villa Orb qülləsində lüks mənzil təklif etmişdi. Lakin Kadvani başqa yerdə yaşamağa üstünlük verir.

Ödənilən yüksək təzminatlara baxmayaraq inşaat şirkətləri hələ də külli miqdarda pul qazanacaqlarına əmindirlər. Belə ki, həmin ərazidə evlərin bir kvadrat metri 300 dolları adlayır.

Cənubi Mumbayda 1900-cü illərin əvvəllərindən qalma 500 köhnəlmiş daş bina var ki, şirkətlər bunların yerində yenilərini tikməyə həvəs göstərirlər. Güman olunur ki, ərazinin 40 milyard dollar həcmində qazanc potensialı var.