Xüsusi prokuror Müller Rusiya təhqiqatı çərçivəsində Trampla söhbət keçirmək istəyir

Xüsusi prokuror Robert Müller

Xüsusi prokuror Robert Müller keçən il Federal Təhqiqatlar Bürosunun keçmiş direktoru Ceyms Komini və keçmiş milli təhlükəsizlik məsələləri üzrə müşavir Maykl Flinni vəzifələrindən azad etməsini müzakirə etmək üçün ABŞ prezidenti Donald Trampla söhbət keçirmək istədiyini bildirib. Bu görüş Rusiyanın 2016-cı ildə ABŞ prezident seçkilərinə müdaxiləsi ilə bağlı aparılan təhqiqatla əlaqədardır.

Müller Trampın Kominin bildirdiyinə görə, 2017-ci ilin əvvəlində ondan Flinnin Rusiya kontaktları haqda təhqiqatı dayandırmasını istəməklə ədalətin qarşısını almağa çalışıb-çalışmadığını öyrənməyə çalışır. Flinn Vaşinqtonda Rusiyanın o zamankı səfiri ilə keçən il hakimiyyətə gəlmiş Trampın vəzifəsinin icrasına başlamasından bir neçə həftə öncə görüş keçirib. Bundan bir neçə ay sonra isə Tramp Federal Təhqiqatlar Bürosunda Rusiya təhqiqatını aparan Komini vəzifəsindən azad edib.

ABŞ xəbər agentlikləri Trampın Müllerlə söhbətə razı olub-olmayacağı və söhbətin formatı haqda dəqiq məlumatın olmadığını bildirir. Tramp prezident seçkilərində qələbə çalmaq üçün seçki kampaniyası ilə Rusiya arasında əlaqələrin olduğu haqda fikirləri dəfələrlə rədd edib.

Təhqiqatlar Bürosunun keçmiş direktoru Ceyms Komi Senatın Kəşfiyyat komitəsi qarşısında ifadə verir, 8 iyun, 2017.

O, bir neçə ay bundan öncə Müllerin komandasının müstəntiqləri ilə görüşməyə “100 faiz” razı olacağını bildirmişdi. Lakin bu yaxınlarda Tramp heç bir “əlaqənin olmadığı” halda söhbətə nəyə görə ehtiyac olduğunu sual edib.

Müllerin Trampın vəkillərinə Flinni vitse-prezident Pensə Rusiyanın səfiri Sergey Kislyakla görüşü haqda yanlış məlumat verdiyinə görə işdən çıxarması, onun Komiyə Flinnlə bağlı təhqiqatı dayandırmasını deməsi və sonradan Komini vəzifəsindən kənarlaşdırması haqda söhbətə çağırmaq haqda müraciəti Müllerin hazırda diqqəti ədalətin qarşısını almaq məsələsinə yönəltdiyinə işarə edir.

Tramp Komidən Flinnə dair təhqiqatı dayandırmağı tələb etdiyini rədd edərək, bunun “yalan” olduğunu bildirir.

Keçmiş milli təhlükəsizlik müşaviri Maykl Flinn Federal Təhqiqatlar Bürosuna Rusiyanın səfiri ilə kontaktları haqda yanlış məlumat verməkdə ittiham edildikdən sonra ABŞ dairə məhkəməsini tərk edir, Vaşinqton, 1 dekabr, 2017.

Hüquqşünas ekspertlərin bildirdiyinə görə, vəzifədə olan prezident ədalətin qarşısını almaq, ya da hansısa başqa bir cinayətə görə məhkum edilə bilməsə də, ədalətin qarşısını almaq ittihamı belə bir prosesi istəsə, Konqres tərəfindən prezidenti impiç etmək üçün istifadə edilə bilər. Keçmiş prezident Bill Klinton ədalətin qarşısını almaq ittihamı ilə impiç edilmiş, prezident Niksona qarşı isə 1974-cü ildə impiçmentlə bağlı üç maddə tətbiq edilmişdi. Klinton Senatda keçirilən dinləmələr nəticəsində bəraət qazansa da, Nikson ona qarşı korrupsiya ittihamlarından sonra istefa verməli olmuşdu.

Tramp keçən ilin may ayında Komini vəzifəsindən kənarlaşdırdıqdan bir gün sonra Ağ Evdə Rusiya rəsmilərinə onun “ağılsız” olduğunu və Komini kənarlaşdırmaqla “üstündən yük götürüldüyünü” demişdi. Bundan bir neçə gün sonra Tramp televiziyada yayımlanan müsahibəsi zamanı Federal Təhqiqatlar Bürosunun direktorunu “Rusiya məsələsi” ilə əlaqədar vəfizəsindən azad etdiyini bildirmişdi.

Bundan sonra isə Trampın etirazlarına baxmayaraq, Müller Rusiya təhqiqatını aparmaq üçün xüsusi prokuror təyin edilmişdir.

Müllerin komandası hazırda təhqiqatın gedişində Trampın kabinet üzvlərini dindirir. Keçən həftə müstəntiqlər ABŞ-ın baş prokuroru Ceff Seşşinslə müsahibə aparıb. Seşşins ABŞ senatoru və Trampın kampaniyasının müşaviri olduqda səfir Kislyakla görüşüb və onun Kominin vəzifəsindən kənarlaşdırılmasında rolu olub. Kominin özü bir neçə həftə bundan əvvəl müstəntiqlər tərəfindən dindirilib.