Müdafiə Nazirliyi respirator xəstəliklərin yayılmaması üçün qabaqlayıcı tədbirlər görür

Azərbaycan Müdafiə Nazirliyi

Mövsümi kəskin respirator xəstəliklərin yayılması ehtimalını nəzərə alaraq, eləcə də hərbi hissələrin şəxsi heyətinin kənardan bu kimi xəstəliklərə yoluxmasının qarşısını almaq məqsədilə Azərbaycan müdafiə nazirinin əmrinə əsasən qabaqlayıcı tədbirlər görülür.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, bütün şəxsi heyət yüksək kalorili ərzaq payı, yarıvitaminlərlə təmin olunub, hərbi hissələrə normadan əlavə dərman preparatları, profilaktiki və dezinfeksiyaedici vasitələr çatdırılıb və ehtiyatı mövcuddur.

Məlumatda deyilir ki, xəstəliklərin profilaktikası məqsədilə həkimlər gücləndirilmiş iş rejiminə keçirilib, müşahidə, aşkarlama, məhdudlaşdırıcı, eləcə də tibbi nəzarət tədbirləri həyata keçirilir.

“Ezamiyyətdən, məzuniyyətdən qayıdan hərbi qulluqçular, eləcə də hərbi hissələrə daxil olan şəxslər, həmçinin valideynlər nəzarət buraxılış məntəqələrində tibbi baxışdan keçirilir. Xəstəlik əlaməti aşkar edilən şəxslər hərbi hissə ərazisinə buraxılmır. Bölüklərdə tibbi maarifləndirmə tədbirləri görülür və gündəlik termometriya aparılır. Çöl-səhra şəraitində keçirilən döyüş hazırlığı məşğələlərinə cəlb olunan şəxsi heyətin uzun müddət sərt hava şəraitində qalmaması üçün poliqonlardakı dərs yerlərində isitmə məntəqələri təşkil edilib. Hava şəraitindən asılı olaraq şəxsi heyətin açıq havada qalması vaxtını azaltmaq göstərişi verilib”.

Mətbuat xidməti indiyədək təxsi heyətin sağlamlığı ilə bağlı heç bir ciddi narahatçılıq qeydə alınmadığını bildirir.