Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələri itki verərək geri çəkilib

Yanvarın 23-də ATƏT-in Füzuli rayonunda Füzuli-Horadiz yolunun şimalında monitorinq keçirməsi planlaşdırılır
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində vəziyyət gərgin olaraq qalır.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Amerikanın Səsinə verilən məlumata görə, ötən sutka ərzində Ermənistan Silahlı Qüvvələri cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimini 50 dəfə pozub.

Erməni kəşfiyyat-diversiya qrupu cəbhənin cənub-qərb istiqamətində (Xocavənd rayonunun şərqində) qoşunların təmas xəttini keçməyə cəhd göstərib.Həyata keçirilən cavab tədbirləri nəticəsində qarşı tərəf itki verərək geri çəkilmək məcburiyyətində qalıb.

Eyni zamanda erməni silahlı bölmələri dünən və bu gecə Ermənistanın Berd rayonunun (Bakıdan 490 kilometr qərb) Çinari, Movsesqex kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbili kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərini atəşə tutublar.

Füzuli rayonunun Aşağı Seyidəhmədli, Aşağı Veysəlli, Ağdam rayonunun Mərzili, Yusifcanlı, Cəvahirli, Baş Qərvənd, Şıxlar, Tərtər rayonunun Çaylı, Çiləbürt, Xocavənd rayonunun Kuropatkino, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri intensiv olaraq atəşə tutulub.

Eyni zamanda ATƏT yanvarın 23-də Füzuli rayonunda Füzuli-Horadiz yolunun şimal istiqamətində yerləşən qoşunların təmas xəttində monitorinq keçirilməyi planlaşdırır.