Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın baş nazirinə cavab verib

Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın baş nazirinə cavab verib

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ermənistan tərəfinin bu cür açıqlamalarını əhəmiyyətsiz hesab edir.
Oktyabrın 22-də qeyd olunan istiqamətdə Erməni Silahlı Qüvvələri intensiv olaraq atəşkəs rejimini pozub.

Azərbaycan Ordusu həmin andaca düşmənin təxribatının qarşısını alıb, cavab atəşi ilə onu susdurub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Eldar Sabiroğlu Turan agentliyinə Ermənistan baş naziri Tiqran Sarkisyanın bu günki bəyanatını şərh edərkən bildirib.

Ermənistan baş naziri bu gün parlamentdəki çıxışında deyib ki, oktyabrın 22-də Ermənistanın Tavuş vilayəti və Azərbaycanın Tovuz rayonu sərhəddində Berd-İcevan avtomobil yolu sahəsində erməni hərbçilərini daşıyan maşın karvanı atəşə tutulub. Nəticədə bir əsgər həlak olub, digərləri isə yaralanıb.

Baş nazir bildirib ki, Azərbaycan tərəfinin bu hərəkəti ictimai fikri ölkədə keçirilən prezident seçkilərindən yayındırmağa xidmət edir. “Azərbaycanın belə təxribatları indiyədək cavabsız qalmayıb və bundan sonra da cavabsız qalmayacaq”, o qeyd edib.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ermənistan tərəfinin bu cür açıqlamalarını əhəmiyyətsiz hesab edir. “Azərbaycan Silahlı Qüvvələri istənilən cəhdin qarşısını almağa qadirdir və Ermənistan baş nazirinin bəyanatı Azərbaycana hər hansı təsir edə bilməz”, Sabiroğlu qeyd edib.