YAP rəsmisi müxalifətin mitinqinə münasibət bildirib

Yeni Azərbaycan Partiyası icra katibinin müavini Mübariz Qurbanlı

“Yenə də onlar arzusunda olduqları 20 minlik iştirakçı istəklərinə çata bilmədilər”
Bu gün Yasamal rayonunda metronun İnşaatçılar stansiyasının yaxınlığında yerləşən «Məhsul» stadionunda düşərgənin gözlədiyi izdiham bu dəfə də alınmadı. 20 min nəfərin iştirak edəcəyini proqnozlaşdıran dağıdıcıların əlləri yenə də boşda qaldı.

APA agentliyinin məlumatına görə, Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlini təşviqat mitinqi ilə bağlı hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı münasibət bildirib. :

"Milli Şura" deyilən bir qurumun mitinqi yenə də tərəfdar toplaya bilmədi. Mitinq üçün ayrılan 20-ci sahənin uzaqlığından gileylənən dağıdıcılar üçün paytaxtın mərkəzində, əhalinin çoxluq təşkil etdiyi ərazidə yer ayrılsa belə, yenə də onlar arzusunda olduqları 20 minlik iştirakçı istəklərinə çata bilmədilər. Mitinqə 200-300 nəfərin toplanması o deməkdir ki, insanlar bu qurumu dəstəkləmir. Mitinqdə səslənən fikirlər siyasi demaqoqiyadan başqa bir şey deyildir. Çünki seçkiqabağı mitinq adlandırılan piketvari aksiyada nə seçkiyə hazırlıq barədə bir kəlmə danışıldı, nə də namizədlərinin platformasından söz açıldı. Həmişə olduğu kimi, bu dəfə də böhtan və yalan xarakterli çıxışlarla insanları çaşdırmağa çalışanlar heç nəyə nail ola bilmədilər. Radikallar yalnız köhnə bayatılarını səsləndirməklə varlıqlarını göstərməyə çalışdılar. Mitinq iştirakçılarının əsasən keçmişdə hakimiyyətdə olanlardan təşkil edilməsi belə qaraguruhçuların məqsəd və niyyətləri barədə aydın təsəvvür yaradır. Bəlli oldu ki, nə qədər möhtəşəmlik iddiasında olsalar da "Milli Şura" siyasi arenada yeri olmayan, insanlar tərəfindən qəbul edilməyən, namizədinə etimad göstərilməyən cılız bir təşkilatdır”, deyə o qeyd edib.