Keçmiş nazir yenidən dindirilib

Eldar Mahmudov

Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov noyabrın 10-da üç saat ərzində Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində dindirilib.

Mahmudov şahid qismində dindirilib. Amma, idarədə Mahmudovun məhz hansı iş üzrə dindirildiyini dəqiqləşdirməyiblər.

Ötən həftə keçmiş nazirin köməkçisi və qohumu Vüqar Mahmudov həbs edilib. O, ciddi cinayətlər törətməkdə ittiham olunur. Yerli medianın yazdığına görə, qohumu həbs edildikdən sonra ötən şənbə Eldar Mahmudov Baş Prokurorluğun sözügedən idarəsində 5 saatadək dindirilib.

Vüqar Mahmudov Eldar Mahmudov nazir vəzifəsindən uzaqlaşdırıldıqdan sonra keçmiş MTN-nin cinayət məsuliyyətinə cəlb olunan 22-ci yüksək vəzifəli zabitidir.

Onların işləri üzrə məhkəmə prosesləri başa çatıb. MTN-nin keçmiş yüksək vəzifəli şəxsləri, o cümlədən nəqliyyatda təhlükəsizlik idarəsinin sabiq rəisi Akif Çovdarov (12 il həbsə məhkum edilib) mənimsəmə, hədələmə yolu ilə pul tələb etmə, qanunsuz azadlıqdan məhrum etmə və s. ittihamlarla müxtəlif müddətlərə azadlıqdan məhrum edilib.