MTN İrandan Azərbaycana keçirilən 35 kiloqramdan çox narkotik aşkar edib

Narkotik

Altı Azərbaycan vətəndaşı həbs edilib

Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi İrandan qaçaqmalçılıq yolu ilə, yəni gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirilərək Azərbaycanın ərazisinə ümumilikdə 35 kiloqram 500 qramdan artıq narkotik vasitənin qanunsuz daşınmasının qarşısını alıb.

Nazirliyin İctimai Əlaqələr İdarəsinin məlumatına görə 3 Azərbaycan vətəndaşı şübhəli şəxs qismində saxlanılıb. Onlardan külli miqdarda narkotik vasitə - 3 kiloqram 97 qram heroin və 27 kiloqramdan artıq tiryək aşkar edilərək götürülüb.

Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilmiş digər əməliyyat-axtarış tədbiri nəticəsində “İran-Azərbaycan” marşrutu üzrə narkotiklərin qanunsuz daşınmasında şübhəli bilinən sdaha 2 Azərbaycan vətəndaşı saxlanılıblar. Onlardan 4 kiloqram 952,9 qram tiryək aşkar edilərək götürülüb.

Daha bir əməliyyat-axtarış tədbiri nəticəsində isə 1 Azərbaycan vətəndaşı saxlanılıb, ondan 500 qramdan artıq heroin aşkar edilərək götürülüb.

Bütün faktlarla bağlı Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı), 234.4.1-ci və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələri əldə etmə, daşıma, saxlama və ya satma) maddələri ilə cinayət işləri başlanılıb.

Saxlanılan Azərbaycan vətəndaşlarıının hamısı barədə təqsirləndirilən şəxs qismində cəlb olunaraqla həbs qətimkan tədbiri seçilib.