Mosulda vəziyyət ağır olaraq qalır

BMT-nin İnsan Haqları İdarəsinin bildirdiyinə görə, İslam Dövləti yaraqlıları kütləvi qırğınlarla yanaşı, mülki vətəndaşlardan canlı qalxan kimi istifadə edilməsi hallarını artırıb.

Militantlar özlərini müdafiə etmək məqsədi ilə insanları məcburi şəkildə Mosul və şəhər ətraflarına köçürür.

Son bir neçə gün ərzində 2500 nəfərin Hamam Əl-Əlil şəhərindən girov götürüldüyü, və onların bəzilərinin Suriyaya aparıldığı bildirilir.

BMT agentliyi kütləvi qırğınlarla bağlı məlumatlar əldə edildiyini vurğulayıb.

İnsan hüquqları agentliyinin sözçüsü Ravina Şəmdasani bildirib ki, İŞİD-in Mosuldakı Qəzlani hərbi bazasında 50-dən çox döyüşçüsü qətlə yetirilib. O, bundan əlavə 380 adamın Gökçəli kəndi yaxınlığında öldürüldüyünü deyib.

"Biz İŞİD-in 400-ə yaxın kürd, yezidi və şiə müsəlman qadını Tal Afarda saxladığı barədə məlumat əldə etmişik. Onlar qadın və azlıq olduqları üçün biz çox narahatıq," deyə sözçü bildirib.

Biz İŞİD-in 400-ə yaxın kürd, yezidi və şiə müsəlman qadını Tal Afarda saxladığı barədə məlumat əldə etmişik.

Ravina Şəmdasani İslam Dövləti qrupunun azyaşlı uşaqları Mosul müharibəsinə cəlb etdiyini də deyib.

BMT hava zərbələri nəticəsində həlak olanlar barədə də məlumat əldə edildiyini bildirib. Cümə axşamı Mosulun şərq bölgəsində 4 qadın öldürülüb, 17 adam xəsarət alıb.

Agentlik İraq hökuməti və onun hərbi müttəfiqlərini əməliyyatların beynəlxalq humanitar qanunlara uyğun həyata keçirilməsinə çağırıb.