İyunun 1-də Moskvada parklar açılacaq, amma "özünütəcrid rejimi" davam edəcək

Moskva meri Sergey Sobyanin prezident Vladimir Putinlə görüşündə iyunun 1-də Moskvada karantin məhdudiyyətlərinin yüngülləşdiriləcəyini açıqlayıb. Bir neçə saat sonra bu tədbirlər rəsmi olaraq elan edilib. İyunun 1-dən etibarən avtomobil alqı-satqısı da daxil olmaqla, bütün qeyri-ərzaq mağazaları açılacaq, emalatxanalar və məişət xidməti müəssisələrinin bir hissəsi işini bərpa edəcək (camaşırxana, quru təmizləmə, təmir sexləri).

Həftəsonu yarmarkaları bərpa olunur. Test rejimində "vətəndaşlar üçün gəzinti cədvəli" işləyəcək və küçələrdə idmana icazə veriləcək. Bundan başqa, parklar və meydanlar açılacaq, lakin attraksionlar, uşaq və idman meydançaları hələ işləməyəcək. Həmçinin, oturacaqlar və digər bu kimi obyektlərdən istifadə etmək mümkün olmayacaq. "Özünütəcrid rejimi" davam edəcək: ən azı 14 iyun tarixinə qədər. Lakin 65 yaşdan yuxarı sakinlərin qrafiklə evdən çıxmasına icazə veriləcək.

Merin sözlərinə görə, "Moskvada koronavirusun yayılması ilə bağlı vəziyyət nəinki, sabitləşib, həm də yaxşılaşıb". Buna görə də, onun sözlərinə görə, "müəyyən evlərdə yaşayan vətəndaşların gəzintiyə gedə biləcəyi cədvəli" hazırlamaq olar.

Onun sözlərinə görə, Moskva rəsmiləri eyni anda hamıya gəzməyə icazə versə, "1 May nümayişindəki kimi" küçədə izdiham olacağından qorxur.

Buna görə də, moskvalılara cədvəl üzrə həftədə üç dəfə gəzməyə icazə verilir: iki dəfə iş günlərində və bir dəfə həftə sonu.

Rusiyada mayın 27-nə olan məlumatlara görə, 370 mindən çox insan koronavirusa yoluxub, bunlardan 170 mindən çoxu Moskvadadır. Son 24 saat ərzində paytaxtda 2 mindən çox insan yoluxub, 73 nəfər ölüb. Bu xəstəliyə yoluxanların sayı (rəsmi məlumatlara görə) 6 700-dən çox insanın yoluxduğu 7 may tarixindən etibarən azalmaqdadır. Ancaq Moskvada koronavirus xəstələrinin ölümü hələ də azalmayıb.