Moskva meri: Pilotsuz uçuş aparatı ilə hücum cəhdi olub

Moskvanın meri Sergey Sobyanin

Moskva meri Sergey Sobyanin bildirdiyinə görə, keçən gecə pilotsuz uçuş aparatı şəhərə hücum etməyə cəhd edib. Sobyanin Teleqram kanalında "Gecə şəhər düşmənin pilotsuz uçuş aparatının hücumuna məruz qalıb və Müdafiə Nazirliyinin qüvvələri tərəfindən vurulub. Dağıntı və tələfat yoxdur" yazıb.

Moskva meri dronun haradan gəldiyi və harada vurulduğu barədə məlumat verməyib.

Rusiya Müdafiə Nazirliyi Moskva vilayətində obyektlərə hücum etməyə cəhd etdiyi iddia edilən pilotsuz təyyarənin vurulduğunu bildirib. Nazirlik bunu "terror hücumu" adlandırıb, tələfat və dağıntıların olmadığını bildirib. Məlumatda başqa təfərrüatlara varılmayıb.

Son aylar hətta Kremlə də olmaqla, Moskvasının müxtəlif bölgələrinə bir neçə dəfə pilotsuz təyyarələrlə hücumlar həyata keçirilib. Yalnız iyul ayında Moskvaya dronlarla üçüncü hücum cəhdi olub.

İyulun 24-də pilotsuz təyyarələrdən biri biznes mərkəzinə, digəri isə Müdafiə Nazirliyinin binalarından birinə düşüb. O zaman da Sobyanin "ciddi" dağıntıların və itkilərin olmadığını bildirmişdi.

Rusiya hakimiyyəti bu hücumlara görə Ukraynanı ittiham edir. Kyiv Moskvaya pilotsuz təyyarələrin endirilməsi ilə bağlı xəbərləri rəsmi şəkildə şərh etmir.