Moqadişuda partlayış: azı 10 ölü

Moqadişu, Somali.

Moqadişuda izdihamlı bir küçədə şənbə günü maşın bombasının partlaması nəticəsində azı 10 nəfər ölüb, 23 nəfər yaralanıb. Bu barədə hadisənin şahidləri və tibbi xidmət işçiləri xəbər verib.

Maşın bombası Maka əl-Mukarama küçəsində parlament binasına yaxın yerdə təhlükəsizlik qüvvələri maşını saxlayıb, yoxlama aparmaq istəyəndə partlayıb. Militant qrup Əl-Şəbəb hücumun məsuliyyətini öz üzərinə götürüb.

“Maşın xəbərdarlıq siqnallarına əhəmiyyət vermədi və biz onu güllə atəşinə tutmağa davam edərkən o, ölkə prezidentinin mühafizəçiləri tərəfindən qorunan nəzarət-buraxılış məntəqəsinə doğru irəlilədi”, təhlükəsizlik rəsmisi Aden Məhəmməd hücumdan sonra bildirib.

Amerikanın Səsinin müxbiri azı yeddi nəfərin cəsədini görüb və bir çoxlarının təcili tibbi yardım maşınlarında xəstəxanalara aparıldığına şahid olub. Xəstəxanalar azı üç nəfərin aldıqları xəsarətlər nəticəsində öldüklərini təsdiq edib.

O deyib ki, partlayış nəticəsində ətraf binalar ya dağılıb ya da ciddi zərər görüb.

Bundan əlavə, Moqadişu hava limanı yaxınlığında da maşın bombası partlayıb. Hava limanının təhlükəsizlik rəsmiləri deyib ki, hava limanındakı nəzarət-buraxılış məntəqəsindəki əsgərlər bomba partlamadan öncə maşını saxlayıb və sürücünü maşından endirib.

Somalinin mərkəzində yerləşən Qalkakyo şəhərində silahlı şəxslər Somali Milli Təhlükəsizlik rəsmisinin öldürülməsinə cavab tədbiri olaraq doqquz vətəndaşı güllələyib.

Rəsminin qətlinin məsuliyyətini Əl-Şəbab üzərinə götürüb.

İnsident Qalkakyoda və Somalinin cənubunda Baidoa şəhərində qəzəbə səbəb olub.

“Günahsız mülki vətəndaşların heç bir əlaqələri olmayan hadisələrə görə hədəf alınması qeyri-insani, qəbuledilməz və qəddardır” – deyə, Cənub-Qərbi Regional Ştatın prezidenti Əbdül Əziz Laftaqarin bildirib.

O, Qalmuduq Regional Ştatından şübhəliləri dərhal məsuliyyətə cəlb etməyi tələb edib.

Əl-Şəbab artıq on ildən çoxdur höküməti devirmək üçün döyüşür. Silahlı qrup 2011-ci ildə bir zamanlar nəzarət etdiyi mövqelərindən imtina edib və o zamandan bəri bir çox istinadgahını itirib. Lakin qrup ölkənin kənd ərazilərinin böyük hissəsinə nəzarət edir və Qərbin dəstəklədiyi Somali hökümətinə qarşı silahlı qiyam aparır.