Narkotik ittihamı ilə həbs edilən ictimai fəal Möhəddin Orucovun ailəsi ondan xəbər ala bilmədiyini deyir.
Bununla bağlı hüquq müdafiəçisi Rüfət Səfərov məlumat yayıb. O qeyd edib ki, Möhyəddin Orucovun anası Təranə Orucova oğlu ilə əlaqə saxlaya bilmir.
“Dekabrın 13-də oğlumu həbs ediblər. 10 gündür xəbər yoxdur. Nə görüşə bilmişik, nə də zəng edib. Biz çox narahatıq”- Təranə Orucova bildirib.
Möhəddin Orucovun anasının sözlərinə görə, oğlu ilə yalnız məhkəmədə bir neçə dəqiqə danışmaq imkanı olub:
"Möhyəddin Orucov mənə dedi ki, ona hədə-qorxu gəliblər. Ona deyiblər ki, əgər tələb olunan ifadələrə imza atmasan, bura anan gətiriləcək”.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.
İctimai fəal Möhyəddin Orucovun dekabrın 13-də saxlanılıb.
Dekabrın 15-də Suraxanı Rayon Məhkəməsi ictimai fəal Möhyəddin Orucova Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddəsi ilə 4 aylıq həbs qətimkan tədbiri seçib.
Bundan əvvəl də ictimai fəal oktyabrın 18-də inzibati həbs cəzası almışdı. O, Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsində işgəncəyə məruz qaldığını bildirib.
Möhyəddin Orucov Suraxanı Rayon Məhkəməsinin qərarı ilə o, 30 sutka müddətinə həbs cəzası alıb və 200 manat cərimə olunub.