Möhsün Rzayi: Prezident seçilsəm, Urmiya gölündəki ekoloji problemi həll edəcəyəm

İran prezidentliyinə namizəd Möhsün Rzayi

Prezidentliyə namizəd deyib ki, ölkədə etnik azlıqların orta məktəblərdə və universitetlərdə ana dilində təhsil almasına şərait yaradacaq
“Əgər prezident seçilərəmsə, 4 il müddətində Urmiya gölündəki ekoloji problemi həll edəcəyəm”. APA agentliyinin məlumatına görə, bunu İran prezidentliyinə namizəd Möhsün Rzayi Marağa Universitetində çıxışı zamanı bildirib.

O, həmçinin deyib ki, prezident seçiləcəyi təqdirdə, İran Konstitusiyasının 9 və 15-ci maddələrini də icraya qoyacaq: “Ölkədəki etnik azlıqların orta məktəblərdə və universitetlərdə ana dilində təhsil almasına və onların ədəbiyyatını inkişaf etdirmələrinə şərait yaradacağam”.

Qeyd edək ki, M.Rzayi 1973-cü ildə Tehranın Elm və Sənət Universitetinin “Mexanika mühəndisliyi” fakültəsində təhsil alıb. 1979-cu ildə İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) Mərkəzi Şurasının üzvü olub və iki il müddətinə SEPAH-ın informasiya komandanı vəzifəsində çalışıb. Eyni zamanda 8 illik İran-İraq savaşında SEPAH-ın baş komandanı olub. 2009-cu ildə keçirilmiş prezident seçkilərində iştirak etsə də, yetərli səs toplaya bilməyib. O, hazırda İran Məsləhət Şurasının katibidir.