Moderna şirkətinin peyvəndi ABŞ-ın ştatlarına çatdırılır 

Birləşmiş Ştatlarda COVID-19-a qarşı təcili istifadə üçün təsdiqlənmiş ikinci peyvəndi hazırlayan ABŞ-ın Moderna əczaçılıq şirkətinin vaksinlərinin ölkənin ştatlarına çatdırılmasına başlanılıb.

Vaksinlər bazar günü səhər tezdən anbarlardan ABŞ-ın tibb müəssisələrinə göndərilməyə başlayıb. Cons Hopkins Universitetinin verdiyi məlumata görə, Birləşmiş Ştatlarda koronavirusa 17,6 milyon yoluxma və 316 000-dən çox ölüm halı qeydə alınıb.

ABŞ-ın Ərzaq və Dərman Administrasiyası Moderna şirkətinin peyvəndini təcili istifadə üçün cümə günü təsdiq edib. Agentlik bu ayın əvvəlində Pfizer-BioNTech tərəfindən istehsal olunan peyvəndi təcili istifadə üçün təsdiqləyib.

SEE ALSO: ABŞ-da ikinci COVID-19 peyvəndi təsdiq edilib

ABŞ-da COVID-19 peyvəndinin paylanmasına görə məsul rəsmi olan ordu generalı Qustav Perna Pfizer-BioNTech peyvəndini gözlənildiyindən daha az sayda alacaqlarına görə şənbə günü ondan çox ştatın qubernatorundan üzr istəyib.

Perna deyib ki, o, istehsal olunan dozalarla istehsala hazır olan dozalar arasında fərqi başa düşməyərək, hazır olduğunu düşündüyü dozaların sayını səhv göstərib.

Perna hökumətin yanvarın ilk həftəsinə qədər ştatlara 20 milyon doza vaksin çatdırmağı planlaşdırdığını bildirib.

O, Moderna peyvəndinin bazar ertəsi günü səhiyyə işçilərinə çatdırılacağını deyib.